Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 12:12
Türkiyədə rusiyalı baxıcı Maya Karimovanın ağlasığmaz hərəkətləri ifşa edilib.
Sonxeber.net sfera.az-a istinadən bildirir ki, hadisə Kayseridə baş verib.
83 yaşlı qadına baxıcılıq edən Maya Karimovanın ona işgəncə etdiyi anlaşılıb.
Məlumata görə, koronavirusa yoluxan analarını ziyarət edə bilməyən ailə üzvləri rus əsilli Maya Karimova ilə anlaşıb. Telefonla görüntülü danışan zaman Maya "Ananız çox yaxşıdır. Yeməklərini yeyir", - deyə bildirib. Lakin karantin müddəti bitdikdən sonra 83 yaşlı qadını görən ailə üzvləri şoka düşüblər. Onlar anaları Gümüş Bozkurtun 15 kilo birdən arıqladığını, danışa bilmədiyini görüblər.
Maya Karimovanın hərəkətləri gizli kamera görüntüləri ilə ortaya çıxıb. Yaşadıqlarını "Sabah" qəzetinə danışan nəvə Kübra Kolkıran qeyd edib ki, rusiyalı baxıcı nənəsinə fikir verməyib, tez-tez sevgilisi ilə danışıb. Onun sözlərinə görə, nənəsinin bədənində göyərmələr olub.
"Nənəm baxıcının getdiyini biləndə, yenidən yeməyə, içməyə və danışmağa başladı. Bizə qadının qorxusundan səsini çıxara bilmədiyini dedi, yaşadığı hadisələri danışdı. Nənəm bildirdi ki, döyülərkən səsi çıxmasın deyə yastıqla ağzı bağlanılıb, baxıcı onu yatağa çırparaq şiddət göstərib, yumruq atıb və ayaqyolundan istifadə etməsin deyə ac qoyub, dərmanlarını verməyib", - deyə Kübra əlavə edib.
Məlumata görə, Maya Karimovanın daha öncə baxıcılıq etdiyi xəstələrlə problemi olmasa da, həmin şəxslər qəfildən infarkt keçirərək ölüblər. Ailə üzvlərinin baxıcı ilə bağlı polisə müraciət etdiyi bildirilib.