Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öz ucalığı ilə yaşıd Lahıc - VİDEO

Öz ucalığı ilə yaşıd Lahıc - VİDEO

Tarix: 3 Noyabr 2021 17:32

Tarix yazan şəxsiyyətin tarixə səfəri gələcəyə atılan təməldir

Prezident İlham Əliyev ölkənin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlayır, geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verir. Elə bunun nəticəsidir ki, Azərbaycanın gələcəyini onun tarixi təməli üzərində qurur. Prezidentin azad olunmuş torpaqlara səfəri tarixidirsə, Lahıca səfəri tarixədir. Misgərləri ilə məşhur olan bu diyar özü tariximizin naxışı sayılır.

İsmayıllı rayonunda, Böyük Qafqazın ətəyində, Girdiman çayının sahilində yerləşən Lahıc qəsəbəsinin yaşı 1500 illə ölçülür. Dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur. Bu da ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaradıb.

Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən biri və bəlkə də birincisi sayılır. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər ölkələrdə tanınıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustalarının yüksək sənətkarlıqla düzəltdikləri odlu və soyuq silahlar əl-əl gəzib. Vaxtilə Rusiyanın İjevsk silah zavodunda Lahıc ustalarının təcrübəsindən istifadə olunub. O dövrdə Lahıcda 100-dən artıq sənət növü inkişaf tapmışdı. Muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.

Lahıcın gözəlliklərindən biri də Niyaldağdır. Niyaldağ dəvə belinə oxşar 9 yaldan ibarətdir. Bu yal silsiləsi dəvə karvanını xatırladır.

Azərbaycanın etnoqrafik turizm marşrutu kimi seçilən Lahıca 2019-cu ildə 89 min nəfər səfər edib. Onun da 37 minini xarici turistlər təşkil edib. Bu ilin sentyabrına qədər isə artıq Lahıcı 82 min turist ziyarət edib.

Lahıcla yanaşı Azərbaycanın digər etnoqrafik marşrutları - Nic, Xınalıq da turistlərin diqqətini cəlb edir. Ümumiyyətlə isə Azərbaycanın turizm potensialı pandemiyaya qədər artan templə inkişaf edib. 2019-cu ildə ilk dəfə olaraq ölkəmizə gələn xarici vətəndaş sayı 3 milyonu keçib. Azərbaycanın işğaldan azad olunan əraziləri də güclü turizm potensialına malikdir. Bu torpaqları düşmən tapdağından xilas etməklə nəinki ərazi bütövlüyümüzü, eyni zamanda iqtisadi bütövlüyümüzü də təmin etmiş olduq.

Hazırda Azərbaycanın turizm qurumlarının qarşısında duran başlıca vəzifələrdən biri, Qarabağın turizm destinasiyası kimi dünyaya tanıdılmasıdır. Bu məqsədlə son bir ildə ölkəmizin təmsil olunduğu bir sıra beynəlxalq sərgilərdə bunula bağlı təqdimatlar edilir.


Etiketlər:  ucalığı ilə yaşıd Lahıc VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ