Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2021 23:46
O, evin tək övladı idi. Özündən də yadigar tək övladı qaldı...
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Ağayev Ramil Ağarəhim oğlu 1994-cü il sentyabrın 20-də Sabirabad rayonunda anadan olub. Sabirabad rayon N.Gəncəvi adına 5 saylı məktəbdə orta, 2012-2016-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində isə ali təhsil alıb. Hərbi xidmətini Biləcəridəki "N" saylı hərbi hissədə keçib. Hərbi xidmətdən sonra əvvəlcə Abşeron rayonu Digah qəsəbəsində icra nümayəndəsi, 2020-ci il iyul ayından isə Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsində baş mühəndis vəzifəsində çalışıb, dövlət qulluqçusu idi.
İkinci Qarabağ müharibəsi başlayanda o da minlərlə Vətən övladı kimi ön cəbhəyə yollananlar sırasında olub. Sentyabrın 29-dan təlimlərə qoşulan Ramil sonradan döyüşlərə qatılıb. Onun döyüş yolu Füzuli istiqamətindən başlayıb. Sonradan Xocavənd, xüsusilə də Hadrut uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edib. Oktyabrın 11-də elə Hadrutda şiddətli döyüşlər zamanı şəhid olub. Oktyabrın 13-də doğulduğu Sabirabad rayonunda torpağa tapşırılıb. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin anası Şəhla Ağayeva üçün Ramil haqqında danışmaq çox çətindir. Yeganə övladını Vətənə qurban verən ana AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: "Ramilin gəlişini çox gözlədik, onun doğulması bizim üçün toy-bayram oldu. Tək övlad olduğundan hamının sevimlisi idi. Hər uğuru ürəyimizi dağa döndərirdi. Məktəbə ilk addımı, universitetə daxil olması, iş həyatında özünü yaxşı tərəfdən göstərə bilməsi hamısı bizi qürurlandırırdı. Bilməzdik ki, Ramilin bizə bəxş edəcəyi ömürlük fəxarət və qürur hissi hələ qabaqda imiş... Hər birimizin əzizlədiyi, üstündə əsdiyi övlad olsa da, heç vaxt ondan sui-istifadə etmədi, ərköyün olmadı. Çünki onu elə böyütmüşdük ki, davranışında qüsura yol vermirdi. Ona görə də hər kəsin rəğbət və hörmətini qazanır, başımızı daim uca edirdi. Zəhmətsevər, qayğıkeş, Vətənə, millətə bağlı oğul idi Ramil. Xalqa, torpağa layiqli xidmət onun həyat amalı idi. Bunu artıqlaması ilə bacardı. Bizim ən xoşbəxt günümüz onun şadlıq mərasimi oldu. Bir ata-ana üçün övladının toyunu görməkdən gözəl nə ola bilərdi? 2019-cu ildə Ramilə ürəyimiz istəyən kimi toy elədik. Övladının olması isə ikiqat sevinc oldu bizə. Firuzə adlı şirin bir körpəsi dünyaya gəldi. Adını özü qoymuşdu. O qədər sevinirdi, qızını o qədər çox sevirdi ki... Amma Vətən sevgisi hamısını üstələdi. Sevib-seçdiyi xanımla ailə qursa da, ailə səadəti uzun sürmədi. Qısacası, xoşbəxtliyimiz uzun çəkmədi.
Ötən il müharibə başlamazdan bir həftə əvvəl son doğum gününü - 26 yaşını qeyd etdik. Ramil 27 yaşını bu il cənnətdə keçirdi.
Müharibənin ilk günləri idi. Əvvəlcə Ramili təlimə apardılar. Təlimlər zamanı gedib görə bilirdim övladımı. Bir həftə təlimdə oldu. Ondan sonra cəbhə zonasına yollandı. Müharibə vaxtı Ramillə telefon əlaqəmiz olmadı. Əvvəlcə Füzuli, sonra isə Xocavənd istiqamətində hərbi əməliyyatlarda iştirak edib. Silah yoldaşları deyirlər ki, oğlum döyüşlər zamanı həm qəhrəmanlıqla döyüşür, həm də özünü təhlükəyə ataraq yaralıları döyüş meydanından çıxarırmış. Oktyabrın 11-də Hadrutda yanına minaatan mərmisi düşməsi nəticəsində aldığı qəlpə yaralarından şəhid olub. Nə biz Ramildən doya bildik, nə də o bizdən, ailəsindən ən əsas da çox sevdiyi körpə balasından doya bildi. Ramil tək uşaq idi, özündən də tək nişanəsi qaldı. Ramil şəhid olanda Firuzə 6 aylıq idi. Balamın qoxusunu nəvəmdən alıram. Oğlum sanki şəhid olacağını bilirmiş, telefonunda atasına vəsiyyət yazıb saxlayıb, qızını, həyat yoldaşını atasına tapşırıb. Ramilsiz yaşamaq çətin olsa da, onun qızı ilə bağlı arzularını həyata keçirmək üçün Allahdan möhlət istəmişik. Balamızın yanına üzüağ, başıuca getmək istəyirik. Çünki o bu həyatda bizim başımızı daim uca, üzümüzü həmişə ağ edib. Adətən övlad valideynə borclu olur, valideynin haqqı daha çox olur övlad üstündə, amma hazırda Ramilin haqqı üzərimizdə böyükdür, biz ona borcluyuq. Ona olan borcumuzu yadigarına göz-bəbəyi kimi baxmaqla ödəməyə çalışacağıq. Ramilin təhsil aldığı Azərbaycan Memarlıq və İnşaat Universitetində büstü qoyulub. Xalqımızın şəhidlərimizi unutmaması, onların xatirəsinin əbədiləşdirilməsi şəhid ailələri üçün az da olsa təskinlikdir. Ən böyük təsəllimiz isə Ramilin uğrunda şəhid olduğu torpaqların azad edilməsidir".