Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın pandemiyadan sonrakı vəziyyəti Bakıda müəyyənləşəcək

Dünyanın pandemiyadan sonrakı vəziyyəti Bakıda müəyyənləşəcək

Tarix: 4 Noyabr 2021 00:27

Bu gündən etibarən 3 gün boyunca Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Dünya COVID-19-dan sonra" mövzusunda VIII Bakı Qlobal Forumu işinə başlayacaq. Dünyanın pandemiyadan sonrakı vəziyyətinin dünya liderlərinin qatılacağı məhz Bakı Forumunda müzakirəyə çıxarılması təsadüfü deyil. Bu Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni vəziyyət yaradan, BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurla rəhbərlik edən Azərbaycanın qazandığı növbəti etimad nümunəsidir.

Bakının son illər xüsusilə bütün dünyanın diqqətini cəlb edən qlobal təşəbbüslərlə çıxış etməsi, post-COVİD dünyasındakı nəhəng dəyişikliklərin müzakirəsi, dərk olunması, bundan sonrakı ümumi yolun müəyyənləşdirilməsi üçün qlobal diskussiya paytaxtına, istinad nöqtəsinə çevrilməsi Azərbaycanın artan nüfuzuna bir qədər də təkan olacaq. Nəzərə alsaq ki, Forumun ilk günündə Prezident İlham Əliyevin çıxışı gözlənilir, o zaman istər dünyadakı vaksin bərabərsiliyi və hər bir azərbaycanlının, xüsusilə son 1 ildə bütün türk dünyasının ümumi diqqət mərkəzində olan məsələyə çevrilən Ermənistan-Azərbaycan arasındakı son vəziyyət və kommunikasiyaların açılması kimi mühim məsələlərlə bağlı dünya ictimaiyyətinin gözünün, qulağının Bakıda olacağı bir məqamda olduqca önəmli mesajların verilməsi üçün əlverişli meydan yaranır.

Post-COVİD dövründə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Bakı Qlobal Forumu dünya miqyasında keçirilən ilk qlobal tədbirlərdən biri olması xüsusilə diqqət çəkir. Foruma məhz Bakının ev sahibliyi etməsini şərtləndirənbaşqa amillər də var ki, onlardan Prezident İlham Əliyevin həyata keçirdiyi fəal praqmatik siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətlərini nümayiş etdirməsini göstərmək olar. Xüsusən də Azərbaycan Prezidentinin istər Qoşulmama Hərəkatınının zirvə görüşü, istərsə də BMT Baş Assambleyasının cari sessiyası zamanı dünyanın COVİD bəlası qarşısında aciz qaldığı bir vaxtda peyvəndlərin super güclər arasında qeyri-bərabər bölgüsünə görə sərt mövqe ortaya qoyaraq, bunu ədalətsizlik adlandırması onun tək ölkə daxili məsələlərdə yox, bəşəri dəyərləri, dünyanı qorumaq üçün nə qədər qətiyyətə sahib olduğunu nümayiş etdirdi. Elə bunun təsdiqi idi ki, cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edildi. 

Azərbaycanın "peyvənd millətçiliyi"nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməsi də məhz Bakının "Dünya COVID-19-dan sonra" mövzusunda VIII Bakı Qlobal Forumunun işinə başlamasını şərtləndirən növbəti amildir.

Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə məsuliyyətlə yanaşaraq pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərdi. Bunun davamı olaraq Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdü ki, onlardan biri də 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi idi, Bakı bunun da öhdəsindən məharətlə gəlməyi bacardı. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı ki, bu böyük işin baş tutmasında Azərbaycanın rolu danılmaz oldu. Hazırda da Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.

Azərbaycanın peyvənd millətçiliyinə qarşı ən çox mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınması və qəbul edilməsi dünyanın COVID-19-dan sonrakı mənzərəsini, gələcəyini müəyyən etmək məqsədi ilə məhz Bakının məkan seçilməsində müstəsna rol oynadı. 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Dünyanın pandemiyadan sonrakı vəziyyəti Bakıda müəyyənləşəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ