Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının yerli su sərvəti - VİDEO

Bakının yerli su sərvəti - VİDEO

Tarix: 8 Noyabr 2021 16:52

Bakıda fors-major hallarda şəhəri su ilə təmin etməyə imkan verən kifayət qədər güclü yerli su mənbələri var və bu mənbələr işlək hala gətirilməlidir.

Bu, ekspert camiəsinin fikridir və onlar düşünürlər ki, bu suların gündəlik olaraq texniki məqsədlər üçün - suvarmada, təmizlik işlərində və istehsalatda istifadəsi həm də paytaxta böyük pullar xərclənərək gətirilən içməli suya qənaət etməyə imkan yaradar.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov REAL TV-yə müsahibəsində bildirib ki, Bakının belə böyük potensiala malik yeraltı suların olması hələ sovet illərindən məlum idi.

Xanlıqlar dövründə Bakının su ilə təchizi iki kəhiz-ovdan sistemi ilə olub. Birinci kəhriz sistemi indiki parlament binasından İçərişəhər metro stansiyasının arxasında yerləşən Şah ovdanına daxil olub və oradan qala divarları arasındakı quyulara paylanıb. İkinci kəhriz xətti isə indiki Kömürçü meydanı tərəfindən Qoşa qala qapısına qədər gəlib. Hazırda yalnız Şah ovdanına gələn kəhriz xəttində su var. O vaxt bütün Bakı sakinləri bu ovdanların suyunu içirmiş.

Sahib Məmmədov düşünür ki, bəlkə də, indi Bakının qrunt sularını içmək məsləhət deyil, amma suvarma, küçələrin yuyulması və istehsalat məqsədləri üçün tam yararlıdır. Yəni böyük xərc çəkərək Bakıya gətirilən içməli suyu bu məqsədlərlə istifadə etməyə dəyməz. Yəni metro tikintisi və digər işlər zamanı ortaya çıxan qrunt sularından istifadə daha əlverişli olar.

Yeri gəlmişkən, metroda yaranan bu suyun artıq istifaəsinə başlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Faiq Mütəllimov REAL TV-yə bildirib ki, bu istiqamətdə artıq ilk addım atılıb.

Lakin işlər yalnız metronun "Nizami" stansiyası ilə məhdudlaşdırılmayacaq və digər stansiyaları da əhatə edəcək.

Nazirlik rəsmisi bildirir ki, araşdırma aparılıb və bu suyun texniki məqsədlərlə işlətməyə tam yararlı olduğu ortaya çıxıb.

Lakin Sahib Məmmədov şəhərin yerli su mənbələri dedikdə yalnız metro tikintisi zamanı yaranan su mənbələri ilə kifayətlənməməyi məsləhət görür. Onun sözlərinə görə, 1980-ci illərdə bu istiqamətdə ilk addım atılıb və şəhərin fors-macor hallarda su ilə təmini üçün debiti yüksək olan yerli mənbə yaradılıb.

Ekspertin sözlərinə görə, uzun müddətdir qapalı saxlanan bu su mənbəyinin işlədilməsinin vaxtı çatıb. Sahib Məmmədov düşünür ki, hazırda elə bir su mənbəyi yaratmaq üçün 10 milyon manatdan çox vəsait lazım ola bilər. Çünki bu avtonom su mənbəyi əslində mürəkkəb mühəndislik qurğusudur: Diametri 5,5 metr olan quyu şaquli istiqamətdə 60 metr dərinliyə qədər enir və ona perpendikulyar şəkildə üfqi istiqamətdə 8-ə yaxın yan qol birləşir. Bu qolların hər birinin uzunluğu 100 metrə qədər uzanır.

Yəni bu avtonom su mənbəyinin yaradılması üçün sovet dövründə ciddi araşdırma və layihələndirmə işləri aparılıb. Əslində bu praktikanın şəhərin digər sulu zonalarında - Badamdarda və Yasamalda, yaxud Əhmədli və Günəşli zonalarında da tətbiqi yararlı olar. Həm Bakının yerli su imkanları dəfələrlə artar, həm də bu zonalarda müşahidə olunan sürüşmə riski aşağı düşər.


Etiketlər:  Bakının yerli sərvəti VİDEO


RƏYLƏR