Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Buster doza vətəndaşları yoluxmadan qorumaqla yanaşı...

Buster doza vətəndaşları yoluxmadan qorumaqla yanaşı...

Tarix: 8 Noyabr 2021 21:12

Son həftələr ölkəmizdə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma saylarında az da olsa, artım qeydə alınır. Yoluxma saylarındakı artıma uyğun olaraq ölüm saylarında da artım müşahidə olunur. Məlum məsələdir ki, bir xəstəliyə və ya infeksiyaya tutulma və ya yoluxma nə qədər çox olarsa, ona mütənasib olaraq ağırlaşma və ölüm halı da artır. Hazırda rəqəmlər 2000-2500 arasında dəyişir. Artımın səbəbləri payız mövsümündə respirator infeksiyaların yayılması üçün mühüm şəraitin olması, "delta" ştamının hakimliyi, bir də bəzi vətəndaşların rəqəmlər azalanda və ya vaksinasiyadan sonra arxayınlaşaraq qorunma tədbirlərinə əməl etməmələridir.

Milli.Az bildirir ki, bunu AZƏRTAC-a müsahibəsində infeksionist Süleyman Kamilov deyib.

İnfeksionistin sözlərinə görə, COVID-19 elə bir xəstəlikdir ki, onu kimin ağır, kimin yüngül keçirəcəyini bilmək olmur: "Düzdür, müəyyən risk qrupları ayırd edilir. Lakin bəzən yaşlı adam bu xəstəliyi yüngül keçirdiyi, sağaldığı halda, gənc insan ya ağır keçirir, ya da dünyasını dəyişir. Ona görə də heç kim arxayınlaşmamalı, qaydalara maksimum dərəcədə diqqətli yanaşmalıdır. Bununla yanaşı, COVID-19 əleyhinə vaksinasiyada aktiv iştirak da önəmlidir. Peyvəndləmədən sonra da vətəndaşlar özlərini qorumalıdırlar. Orqanizmlər individualdır. Peyvənddən sonra qoruyuculuğun 4-6 ay olduğu deyilir. Lakin elə şəxslər var ki, onlarda qoruyuculuq qısa müddətdə zəifləyə bilər. Həmçinin son günlər bir sıra ölkələrdə, o cümlədən Rusiyada "delta" ştamının submutasiyası olan AY.4.2 variantı yayılmağa başlayıb. Yeni ştamın özəlliyi daha sürətli yayılması və yoluxduruculuğunun yüksək olmasıdır. Payız mövsümünü, yeni ştamı nəzərə alaraq həm qorunma tədbirlərinə daha məsuliyyətli yanaşmaq, həm də peyvəndləmədə daha iştirak etmək olduqca vacibdir. Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq həssas qruplara aid olanların üçüncü doza ilə vaksinlənməsi məqsədəuyğundur. Lakin iki dozadan 6 ay keçən vətəndaşların buster doza vurdurması onları yoluxmadan qorumaqla yanaşı, ölkədəki epidemioloji vəziyyəti sabit saxlamağa daha yaxşı kömək edəcək. Koronavirusa yoluxan və ya özündə əlamətləri hiss edənləri isə iki həftə ərzində özlərini təcrid etməyə, evdən çıxaraq digərlərini yoluxduraraq ölkədəki vəziyyəti gərginləşdirməməyə səsləyirəm. Bütün qaydalara əməl etməklə, peyvəndləmədə aktiv iştirakla yoluxma sayında azalma müşahidə edə bilərik".

Milli.Az


Etiketlər:  Buster doza vətəndaşları yoluxmadan qorumaqla yanaşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ