Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ona ölüm yaraşmırdı... - FOTO

Ona ölüm yaraşmırdı... - FOTO

Tarix: 10 Noyabr 2021 22:44

Həmdəm hərbi işi çox sevirdi və ona çox bağlı idi. O, elə bil ki, bu dünyaya məhz hərbçi, döyüşçü, Vətən əsgəri olmaq üçün gəlmişdi. Hərbi formanı çox qürurla geyinirdi. Hər dəfə əyilib botinkalarının ipini açıb-bağlayanda rahat soyunub-geyinmək üçün ona zəncirbənd saldırmağı məsləhət görəndə razı olmurdu. Deyirdi, botinkanın iplərini açıb-bağlayanda hərbçi olduğumu bir daha hiss edirəm...

Bunu polkovnik-leytenant Həmdəm Ağayevin həyat yoldaşı Ramilə xanım xatırlayır.

Hamının yaddaşında, heç vaxt soyumayacaq xatirələrində cəsur, qorxmaz, heç nədən çəkinməyən hünərli bir oğul kimi qalıb. Elə anası Rozanın dedikləri də da bunu təsdiqləyir: "O, qətiyyətli, öz dediyindən dönməyən oğul idi. Torpağını, doğma yurdunu, el-obasını çox sevirdi. Vətəni isə bizdən də çox sevirdi".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Həmdəm Ağayev 1975-ci ildə Ağdam rayonunun Sırxavənd kəndində doğulub. O, əlinə ilk dəfə silah götürəndə hələ 18 yaşı tamam olmamışdı. Ailəsindən xəbərsiz könüllü olaraq özünümüdafiə batalyonuna üzv yazılıb. Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Lakin onun ata-baba yurdu Sırxavənd işğal edilir. O vaxtdan peşəkar hərbçi olmağa qərar verir.

1994-cü ilin mayında müharibədə atəşkəs elan olunandan sonra C.Naxçıvanski adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub, ali hərbi təhsilini başa vurandan sonra zabit kimi Naxçıvanda yerləşən hərbi hissəsində xidmətə başlayıb. 2010-cu ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

2010-2017-ci illərdə Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda, 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin komandir müavini - qərargah rəisi vəzifəsində xidmət edib. 2018-ci ildən 4-cü Ordu Korpusunun qərargah rəisi olub.

Ötən il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı tabeliyində olan əsgərlərlə birlikdə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib .

Özündən böyük qardaşı polkovnik-leytenant Mübariz Ağayev deyir: "Onunla axırıncı dəfə oktyabrın 5-də telefonla danışdım. Səsi bir qədər zəif gəlirdi, dedi bir az xəstələnmişəm, ona görə astadan danışıram. Sən demə, iki ayağından yaralı imiş. O, sonuncu ağır döyüş əməliyyatından sonra əmr edərək yanında olan sonuncu əsgəri də uzaqlaşdırıb. Gecə saat 2-də isə düşmən səngərinə doğru gedib. Gecə boyu təkbaşına vuruşan Həmdəm düşmənin çoxlu canlı qüvvəsini məhv edib. Sübh çağı düşmən tərəfin snayper atəşinə məruz qalaraq yaralansa da, geri çəkilmir. Bir müddət yaralı halda döyüşəndən sonra sursatı tükənib. Çoxlu qan itirən hərbçi oktyabrın 9-da şəhid olub".

Həyat yoldaşı deyir: "Ona ölüm yaraşmırdı. Mən onu başqa heç bir ölümə yaxa verən, təslim olan təsəvvür eləmirəm. Ona ancaq şəhidlik yaraşırdı...".

Qızı Aysu atasının sonuncu dəfə kofe içdiyi stəkan nəlbəkini ondan qalan ən əziz xatirə kimi saxlayır. Oğlu Ziya isə deyir: "Hər dəfə qapımız döyüləndə onun gəlişini gözləyirik. Hətta qohumlardan eləsi olur ki, qapını atam kimi döyür. Onda özümdən asılı olmayaraq tez qapıya yüyürür və baxıram ki, gələn o deyil...

Tez-tez atamı yuxuda görürəm. Çox istəyirəm ki, gerçəkdən də onu görə bilim və qapını döyüb içəri girənlərdən biri atam olsun...".

Polkovnik-leytenant Həmdəm Ağayev ölümündən sonra "Azərbaycan bayrağı" ordeni , "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. II Şəhidlər Xiyabanında dəfn olunub.

Milli.Az


Etiketlər:  ölüm yaraşmırdı FOTO


RƏYLƏR