Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 14:52
Sahibkarlığın inkişafı biznes risklərinin siğortasını qaçılmaz edir
Kiçik və orta sahibkarlığın inkişafı Azərbaycanda biznes risklərinin sığortasını qaçılmaz edir. Çünki biznes inkişaf etdikcə onun qarşılaşdığı risklər də artır. Xüsusilə, biznesə yeni başlamış sahibkarlar heç də həmişə onları hansı risklərin gözlədiyini bilmirlər. Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Vüqar Hüseynli REAL TV-yə müsahibəsində biznes risklərinini çox geniş sahəni əhatə etdiyini bildirib.
O, belə sığorta riskləri sırasında biznes fəaliyyətinin dayandırılmasını göstərib. Bu zaman biznes qurumu istər-istəməz yerləşdiyi binanın xərclərini ödəməli olur. Həmçinin biznes qurumu əməkdaşların maaşlarını və kommunal xərcləri ödəməlidir. Bina icarədədirsə, icarə xərclərinin ödənilməsi davam etməlidir. Bu xərclər qaçınılmazdır və sahibkarın fəaliyyət dayansa belə, bu xərcləri ödəməkdə davam etməlidir.
Risklər bədbəxt hadisəyə çevrilib baş verdikdə kommersiya müəssisəsi və ya biznes subyekti həm maddi, həm də mənəvi zərərlə üz-üzə qalır. Vüqar Hüseynli bildirir ki, Azərbaycanda müştərilər bəzən dəymiş mənəvi zərərə görə də ödəniş istəyirlər. Hazırda dəyən maddi zərərin ödənilməsində problem yoxdur. Amma dəyən mənəvi zərərin ödənilməsi ilə bağlı mexanizmin təkmilləşdirilməsinə ehtiyac var.
Lakin dəyən maddi zərərin sığortasında problem yoxdur. Məsələn, nəqliyyat vasitələrinin sığortası, yaxud icbari sığorta üzrə ödənişlərin səviyyəsi yetərincə yüksəkdir.
Ekspertin sözlərinə görə, əvvəllər Azərbaycanda əmlakın sığortası üzrə müəyən çətinliklər vardı. Çünki müştərilər binaların yerləşdiyi yerə uyğun sığorta haqqı istəyirdilər. Amma hazırda bu problem həll edilib və sığorta şirkətləri işə əmlakı ilkin halına gətirməyi bacaran peşəkar şirkətlərlə işləyirlər.
Vüqar Hüseynli biznes qurumlarının sığortaya cəlbi üçün hesabatlılığın olmasını da vacib sayır. Buna görə də sığorta üçün müraciət edən bəzi şirkətlərin niyyəti gerçəklənə bilmir.
Təbii ki, biznes qurumları üçün risklərin sığortası çox vacibdir. Buna görə, sığorta naminə işlərini qaydaya salmağa, hesabatlılığı dərinləşdirməyə çalışacaqlar. Bu isə təbii ki, bütün ölkə üzrə biznesin ağardılmasına xidmət edəcək.