Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 23:28
İyirmi altı ildən sonra döyüşdüyüm yerlərə qayıtmaq başqa hiss idi. Ən gözəli isə yarım qalan missiyamı qələbə ilə tamamlamaq oldu.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısı, qazi Məhəmmədəli Teyyubov deyib.
Teyyubov Məhəmmədəli Məhəmməd oğlu 1973-cü il mayın 9-da Cəbrayıl rayonunda anadan olub. O, 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak edib. M.Teyyubov o günləri belə xatırlayır: "Birinci Qarabağ müharibəsi başlayanda gənc idim. Mən də həmyaşıdlarım kimi torpaqlarımızın müdafiəsinə qalxmışdım. Doğma rayonum Cəbrayıl, o cümlədən Füzuli və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etdim. Müharibə zamanı dörd dəfə minaya düşdüm: iki dəfə Cəbrayılda, 1 dəfə Füzulidə, 1 dəfə də Ağdamda. İlk üç dəfə minaya düşəndə özümdə güc tapıb yenidən döyüş meydanına qayıtdım. Lakin dördüncü dəfə Ağdamda minaya düşəndə ağır yaralandım. Belə ki, idarə etdiyim tankın minaya düşməsi ilə yanaşı, düşmən snayperinin hədəfi oldum. Ağır xəsarət aldığım üçün uzun müddət müalicəm davam etdi. Çox təəssüf ki, o zaman nizamlı ordu və yetərincə təchizat olmadığı üçün biz mübarizəmizi tamamlaya bilmədik. Mən deməzdim məğlub olduq. Sadəcə, mübarizəmiz yarımçıq qaldı".
M.Teyyubov 2016-cı il Aprel döyüşlərindən sonra son döyüşün tezliklə olacağına inandığını bildirib: "2016-cı il Aprel döyüşlərindən sonra ümidlərim artmışdı. Mən Ordumuza güvənirdim, lakin son döyüşü səbirsizliklə gözləyir, özüm də müharibədə iştirak etmək istəyirdim. Aprel döyüşləri o günün çox da uzaqda olmadığına işarə vermişdi. Nəhayət, ötən il Ali Baş Komandanın əmri gələndə sevincim yerə-göyə sığmadı. Keçmiş döyüşçü kimi mən də yenidən savaş meydanına qayıtdım. Sentyabrın 28-dən oktyabrın 10-dək Cəbrayıl və Füzuli istiqamətlərində gedən hərbi əməliyyatlarda iştirak etdim. Oktyabrın 4-də doğma Cəbrayılımın Zəfərini məhz döyüş meydanında yaşadım. Çox istəyərdim ki, sonacan qalıb döyüşlərdə iştirak edim. Lakin oktyabrın 10-da diz qapağımdan aldığım zədə buna imkan vermədi. Buna baxmayaraq, rəşadətli Azərbaycan Ordusu canı, qanı bahasına şərəfli missiyanı Zəfərlə yekunlaşdırdı. Çox sevinirəm ki, Uca Yaradan mənə yenidən döyüş meydanına qayıtmaq və illərdir içimdə yığılıb qalan nifrət, intiqam hisslərinin və torpaq həsrətinin əvəzini yağı düşməndən çıxmağa imkan verdi.
Gənc döyüşçülərin qorxmadan, cəsarətlə irəli atılmasını görəndə öz gəncliyim, ilk müharibədə döyüşdüyüm anlar yadıma düşdü. Aradan xeyli müddət keçsə də, xalqımızın vətənpərvərlik hisslərinin hələ də olduğu kimi qalması, Qarabağı görməyən gənclərin intiqamdan alışıb yanan gözləri, bir-birindən ötəri canını verməyə hazır olan silahdaşların cəsarəti məni kövrəltdi. Ona da şahid oldum ki, Əliyar Əliyev, Allahverdi Bağırov, Fred Asif kimi qəhrəmanlar ölməyiblər, onların ruhu nəsillərdən-nəsillərə keçib. Əminəm ki, indiyədək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhadətə yüksəlmiş bütün şəhidlərimizin ruhu şaddır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. Zəfərin mübarək, Azərbaycan!"