Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2021 23:00
Hüseynov Zaur Vaqif oğlu 1995-ci il iyunun 24-də Masallı rayonunun Hişkədərə kəndində anadan olub. Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin IX sinfini və Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Bundan sonra leytenant rütbəsində Ağcabədidə "N" saylı hərbi hissədə xidmətə başlayıb. Sonra Beyləqandakı "N" saylı hərbi hissədə xidmətini davam etdirib.
Ötən ilin iyulunda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısının alınması və düşmənə ağır zərbə vurularaq geri oturdulması əməliyyatında iştirak edib. Sentyabrın 27-də başlanan Vətən müharibəsində də öndə gedən hərbçilərdən olan tankçı Zaur Hüseynov Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndlərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə düşmənə ağır zərbə vuranlardan biri olub. Yeddi postun alınmasında fəal iştirak edib. Elə həmin gün Füzulinin Alxanlı kəndində yaxınlığına minaatan mərmisinin düşməsi nəticəsində qəhrəmancasına şəhid olub. Sentyabrın 28-də şəhid zabitin nəşi doğma Hişkədərə kəndində böyük izdihamla son mənzilə yola salınıb. Ölümündən sonra "Vətən uğrunda" , "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib
O, həmçinin 2018-ci ildə döyüş hazırlığında qazandığı uğurlara və Silahlı Qüvvələrin möhkəmlənməsində iştirakına görə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.
Sonxeber.net bildirir ki, Şəhidin həyat yoldaşı Aytel Hüseynova AZƏRTAC-a müsahibəsində deyib: "Zaurla orta məktəbdən bir-birimizi tanıyırdıq. Məndən bir sinif yuxarı oxuyurdu. Demək olar ki, eyni repetitorlarla hazırlaşırdıq. 2011-ci ildən aramızda səmimi münasibət yarandı. O vaxtdan mərd, qorxmaz, cəsarətli biri idi. Sonradan məktəbdən ayrılıb hərbi liseyə, ardınca AAHM-ni bitirsə də, əlaqəmiz itmədi. Mən də Bakı Dövlət Universitetinə daxil olub ali təhsil aldım. Müxtəlif ali təhsil ocaqlarında oxumağımız münasibətimizə zərrə qədər də olsun təsir etmədi. Zaurla tale yollarımızı 2018-də birləşdirdik. Bu izdivacdan Zeynəb adında bir qızımız doğuldu. Çox xoşbəxt bir ailəmiz var idi. Zaur çox ailəcanlı idi. İşinin ağırlığına baxmayaraq, mənə də, körpəmizə də vaxt ayırırdı. Evdə işi ilə bağlı heç nə deməzdi. Ötən il Tovuz döyüşlərində iştirakını belə şəhid olandan sonra bilmişəm. O zaman Zaur düşmənə layiqli cavab verib onları ağır itkiyə məruz qoyanlardan biri olub. Həmin döyüşlər zamanı general-mayor Polad Həşimov və digər hərbçilərimizin şəhid olması Zaura pis təsir etmişdi. O, general-mayor Polad Həşimov və mayor Anar Novruzovu tanıdığı üçün bununla barışa bilmirdi. Deyirdi ki, "kaş irəli getmək əmri veriləydi, düşmənə gücümüzü göstərərdik. Aprel döyüşlərində az bir hissəni işğaldan qurtarsaq da, hərbçilərimiz necə fəxrlə qayıtdılar. İndi torpaqlarımızı azad etsək, necə sevinc və qürurla qayıdacağıq". Onun arzuladığı məqam ötən il sentyabrın 27-də yetişdi. Döyüşlərdə tankçı kimi iştirak etdi. Vətən müharibəsinin ilk günündə Füzuli istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək şəhadətə yüksəldi".
Aytel Hüseynova həyat yoldaşı ilə son görüşü belə xatırlayır: "Zaurun işi ilə əlaqədar Beyləqanda qalırdıq. Son dəfə sentyabrın 25-də gecə evə gəldi. Sentyabrın 26-da Zauru işə yola salanda bizimlə tamam fərqli görüşdü. Hətta qapıdan qayıdıb Zeynəbi yatdığı yerdə öpüb getdi. Bu hərəkəti ürəyimə xal saldı. Bütün günü Zaurun bu hərəkətini düşünüb anlam verməyə çalışdım. Bundan təxminən bir həftə əvvəl anasının doğum gününə gəlib bütün qohumları ilə görüşmüşdü. Sanki ürəyinə əvvəlcədən nəsə dammışdı. Sentyabrın 27-si səhər saat 6-da top səslərinə yuxudan oyandım. Dərhal Zaura zəng etsəm də, cavab vermədi. İş yoldaşlarından da ailəvi tanışlığımız olanlar var idi, onlara da zəng vurdum, cavab verən olmadı. Səhər tezdən Azərbaycan Ordusunun bütün cəbhəboyu əks-hücum əməliyyatına keçməsi xəbəri yayıldı. Saat 10-a 15 dəqiqə qalmış Zaurdan zəng gəldi, elə gülə-gülə danışırdı ki, sanki müharibədə deyil, istirahətdədir. Döyüşlərə qatılacağı ilə bağlı heç nə demədi. Zeynəbi soruşdu və ona yaxşı bax dedi. Mən də "əsas sən özünə yaxşı bax. Mən səni evimizdə gözləyəcəyəm dedim". Sağollaşdıq. Anasına da zəng edib təlimə getdiyini deyib. Bununla kifayətlənməyib, sonra anasına mesaj yazıb: "Ana, hər şey yaxşı olacaq. Ailəm sənə əmanətdir". O, müharibədə iştirakını gizlətsə də, bilirdim ki, Zaur bu anı çoxdan gözləyir, bizə deməsə də, o, döyüşlərdə mütləq iştirak edəcək. Həmin gün Zaurdan nə qədər zəng gözlədimsə də, bir daha telefonuma ondan zəng gəlmədi. Digər silahdaşları öz həyat yoldaşlarına zəng etsələr də, bircə Zaurdan xəbər yox idi. Buna baxmayaraq, yenə də ürəyimə pis heç nə gətirmək istəmirdim. Amma olan olubmuş... Zaur bizimlə danışandan iki saat sonra, təxminən saat 12 radələrində Füzulinin Alxanlı kəndində yaxınlığına minaatan mərmisi düşməsi nəticəsində qəlpə yarası alıb. Həmin vaxt düşməndən təmizlədikləri postda imişlər. Zaurun iki döyüş yoldaşı yerindəcə şəhid olub. Qızğın döyüş getdiyindən iki saat yaralı halda savaş meydanında qalıb. Təxliyə qrupu güc-bəla ilə yaralıları, o cümlədən Zauru hospitala aparsa da, o, günorta saatlarında şəhid olub. Hospitala aparılarkən döyüş yoldaşlarına deyib ki, narahat olmayın sağalıb gələcəyəm və sizi tək qoymayacağam, ruhdan düşməyin. Yaralı halda belə Zeynəbdən danışırmış. Hətta dostuna deyib ki, birdən ona nəsə olsa, Zeynəbi həmişə diqqətdə saxlasın. Lakin hələ də bilmirəm Zauru hospitala çatdıra biliblərmi, yoxsa yolda şəhid olub?! Çünki çox qan itiribmiş...
Şəhid olandan sonra bir neçə dəfə yuxuma gəlib. İki dəfə az qala canlı görmüşəm onu. Yuxularıma gələrkən Zeynəbi də tapşırıb, onunla bağlı arzularını da deyib. Zaur şəhid olanda Zeynəb doqquz aylıq idi. Heç biri bir-birindən doymadı. Həyat yoldaşım qızımızdan nigaran getdi. Ata olmanın sevincini təzə dadırdı ki, ömür vəfa etmədi. Arzularımız vardı onunla, hamısı yarımçıq qaldı. İndən sonra Zaurun arzularını həyata keçirmək, qızımızı atasına layiq bir övlad kimi böyütmək üçün yaşayacağam.
Bu il Zaurla aramızda sevgi münasibətləri yaranmasından 10 il keçdi. Hər il sevgimizin ildönümünü qeyd edəcəyəm. Çünki bu, sonsuzadək davam edəcək...".
Şəhidin həyat yoldaşı Masallı "ASAN xidmət" Mərkəzində işlə təmin olunduğunu və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə "YAŞAT" Fondunun vəsait ayırdığını da qeyd edib.