Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2021 22:03
Arterial təzyiqin qalxması çox yayılmış pozulmadır. Bir çox insanlar təzyiqin qalxmasına qeyri-ciddi yanaşır.
Lakin nəzərə almaq lazımdır ki, arterial təzyiqin tez-tez qalxması çox ciddi simptomdur.
Saglamolun.az bildirir ki, arterial təzyiqin qalxması ürəyə olan gərginliyi artırır, damarların vəziyyətinə çox mənfi təsir edir. Yüksək təzyiq əsasən ürəyə, beyinə, böyrəklərə, gözlərə, aşağı ətraflara "vurur", bu orqanlarda müxtəlif və çox ağır pozulmalara səbəb olur. Yüksək təzyiq insult və infarktın əsas səbəbidir.
Beləliklə, özünüzdə təzyiqin tez-tez qalxmasını müşahidə edirsinizsə, buna etinasız yanaşmayın, həkimə müraciət edin. İlk növbədə təzyiqin qalxmasının səbəbi təyin olunmalıdır. Bu səbəbdən asılı olaraq xəstəyə müalicə, pəhriz və s. təyin oluna bilər.
Arterial təzyiqin qalxması müxtəlif səbəblərə görə baş verə bilər. Bu səbəblər arasında:
- Ürək-damar sistemi xəstəlikləri.
- Xroniki streslər, nevroz.
- Xroniki yorğunluq, yuxunun az olması.
- Azhərəkətli həyat tərzi.
- Düzgün olmayan qidalanma. Qidalanmada çoxlu duzlu, yağlı qidaların olması.
- Spirtli içkilərin qəbulu, siqaret çəkmək.
- Artıq çəki, piylənmə.
- Böyrək xəstəlikləri (piyelonefrit, qlomerulonefrit).
- Endokrin sistemi xəstəlikləri (böyrəküstü vəzilərin, qalxanvari vəzinin xəstəlikləri).
Aterial təzyiqlə olan problemlər irsiyyətlə bağlı ola bilər. Bu səbəbdən əgər sizin yaxın qohumlarınız arasında bu pozulmadan əziyyət çəkənlər varsa, öz sağlamlığınıza qarşı daha diqqətli olun.
Nəzərə almaq lazımdır ki, bir çox hallarda yüksək təzyiq özünü heç bir simptomla büruzə vermir və insan uzun müddət ərzində onda olan pozulmadam bixəbər olur. Bu müddət ərzində təzyiq artıq "öz işini görür". Bu səbəbdən hər bir evdə mütləq tonometr (təzyiq ölçmək üçün cihaz) olmalıdır və hər bir ailə üzvünün təzyiqi vaxtaşırı olaraq ölçülməlidir. Bu sadə qayda problemi vaxtında aşkar etməyə kömək edəcək.