Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2021 23:42
Orqanizmin gündəlik qəbul edəcəyi duz norması 5-6 qramdır. Sutka ərzində qəbul edilən müəyyən miqdarda meyvə və tərəvəzlərin tərkibində də təxminən 2 qram duz olur. Yəni, hazırlanmış qidaların istehlakı zamanı 3-4 qram duz qəbul etməklə norma tamamlanmış olur. Nəzərə almaq lazımdır ki, sutkada normadan artıq duz qəbul etmək bir sıra problemlərə, xüsusilə də immunitetin zəifləməsinə səbəb olur. İmmuniteti zəif olan vətəndaşların isə bir çox xəstəliklərə, eyni zamanda dövrün bəlasına çevrilmiş yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma ehtimalı daha çoxdur. Ona görə də gündəlik duz istehlakına diqqət yetirmək, ümumiyyətlə qida və yuxu rejiminə, həmçinin gigiyenik qaydalara əməl etmək lazımdır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-nefroloq Barat Yusubov duzun böyrəklərə ziyanlı təsirlərindən danışıb.
Həkim-mütəxəssis qeyd edib ki, normadan çox yemək yeyənlər gün ərzində təxminən 20-25 qram duz qəbul etmiş olurlar: "Araşdırmalar göstərir ki, Azərbaycanda adam başına düşən gündəlik duz istehlakının miqdarı 18 qramdır. Normadan artıq duz qəbul etmək bir sıra orqanlara mənfi təsir göstərdiyi kimi, böyrəklərin qılcal damarlarına da ziyandır. Ümumiyyətlə duzdan istifadənin böyrəklərin funksiyalarına təsiri çoxdur. Normadan artıq duz istifadəsi böyrək daxilindəki qılcal damarın qan dövranı sistemində qan təzyiqini yüksəldir. Yüksək qan təzyiqinin davam etməsi isə damarların yırtılmasına səbəb olur. Nəticədə, orqanizmdə normadan artıq protein itkisi baş verir. Təəssüf ki, bütün bunlar xəstənin zəif immun sisteminə malik olmasına gətirib çıxarır. Ona görə də duzlu qidalardan uzaq durmaq tövsiyə edilir".