Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibədən sonra ən böyük qələbəmiz - Brüssel görüşünün DETALLARI

Müharibədən sonra ən böyük qələbəmiz - Brüssel görüşünün DETALLARI

Tarix: 16 Dekabr 2021 15:12

"Brüssel görüşləri Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərə bərabər diplomatik zəfəridir".

Bunu Sonxeber.net-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib. 

O bildirib ki, Azərbaycan Prezidentinin keçirdiyi görüşlər, verdiyi bəyanatlar məhz Azərbaycan diplomatiyasının təntənəsi idi:

"Brüssel görüşləri II Qarabağ müharibəsində qazandığımız zəfər boyda zəfərdir. Bilirik ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda nüfuzlu dövlət kimi qalxdı və inkişafda idi. Avropada isə Azərbaycan öz nüfuzunu eyni zamanda regiondan daha yüksək səviyyəyə qaldıraraq Qərbdə də sübut etdi ki, Azərbaycan həqiqətən təkcə regional dövlət, eyni zamanda Avropa dövlətləri ilə də qarşı-qarşıya dayanmağı bacaran dövlətdir. İlk dəfə Qərbdə Azərbaycanın tələbləri ilə, rəsmi Bakının təkidi ilə məqsədinə uyğun razılaşdılar. 

İlham Əliyevin Aİ prezidenti Şarl Mişellə, NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşləri Azərbaycanın çox nüfuzlu bir ölkə və nüfuzlu bir tərəfdaş olduğunu göstərdi. Adi misal deyim ki, Yens Stoltenberq Azərbaycan Prezidenti ilə görüşdü, amma Ermənistan baş naziri ilə görüşmədi, onun haqqında heç söhbət də getmədi. Bu o deməkdir ki, Azərbaycan həqiqətən də bütün bu münasibətlərin fövqündə dayanan bir ölkəyə çevrildi. 

Azərbaycan Prezidenti 44 günlük müharibədəki zəfərlə Cənubi Qafqaz regionunda oyun qaydalarını dəyişən lider idisə, Brüssel görüşləri nəticəsində İlham Əliyev eyni zamanda Avropada gedən proseslərə təsir edən bir prezident, lider kimi yuxarı qalxdı. O, təkcə regionda baş verən proseslərə istiqamət verən lider kimi yox, eyni zamanda Avropanın gözləntilərini dəyişən bir lider kimi özünü təsdiqlədi. 

Bu görüşlərdə Qərb o məqsədi güdürdü ki, İlham Əliyevi Avropaya dəvət edib, Ermənistanın himayədarları (Fransa, Belçika, Almaniya) Azərbaycan Prezidentindən Ermənistana olan münasibətdə müəyyən güzəştlərə nail olmağa çalışalar. Amma Azərbaycan dövlət başçısı heç Paşinyanla görüşə getmədən öz sözünü dedi. O, öz sözünü Stoltenberqlə görüşdən sonra bəyanatı əsnasında sualı cavablandırarkən dedi. Bildirdi ki, Azərbaycan qarşıda duran məqsədlərə çatmaq üçün bütün şərtlərə hazırdır. Söhbət təbii ki, dəhlizin açılmasından gedirdi: Ya dəhliz bizim şərtlərimiz daxilində olacaq, ya da bu dəhliz Laçın dəhlizi kimi eyni qaydalarla fəaliyyət göstərəcək. İmkan verməyəcəyik ki, bu dəhlizlərin hansısa Ermənistanın nəzarəti altında fəaliyyət göstərsin.

Bu, çox böyük bir demarş idi, bu çox böyük bir bəyanat idi, bu çox böyük bir ifadə idi ki, Azərbaycan Prezidenti Avropanın gözü qarşısında, Avropanın göbəyində, qulağının dibində bu cür cəsarətli çıxış etdi. Təbii ki, bu, Azərbaycan üçün çox böyük yenilik idi.

Emanuel Makronun Azərbaycan və Ermənistan liderləri ilə görüşmək istəyi Şarl Mişelin əldə edə bilmədiyinə güya ki, nail olmaq məqsədi daşıyırdı. Özünü göstərmək istəyirdi ki, bəlkə nəyəsə nail olacaq, amma təbii ki, Azərbaycan Prezidentinə istədiklərini diqtə etmək mümkün deyildi.

Azərbaycan xarici diplomatiyası artıq Rusiya, Türkiyə, Fransa səviyyəsinə qalxdı. Brüssel görüşləri Azərbaycan diplomatiyasının çox böyük uğuru idi. Bir neçə il bundan qabaq Prezident İlham Əliyev yeni XİN rəhbərini təyin edərkən elan etmişdi ki, Azərbaycan diplomatiyası hücum diplomatiyası olmalıdır. Hücum diplomatiyası dedikdə, o, gözləməməlidir ki, hər hansı bir dövlət, təşkilat tərəfindən qərar qəbul olunsun, ondan sonra özünü müdafiə etsin. Azərbaycan Prezidentinin keçirdiyi görüşlər, verdiyi bəyanatlar məhz Azərbaycan diplomatiyasının təntənəsi idi. 

Bizdə hələ bu görüşlərdə əldə olunan nəticələrin fərqinə vara bilmirlər. İnsanlar başa düşə bilmirlər ki, bu, necə böyük bir görüş idi. Bu, bizim cəbhədə qazandığımız zəfərə bərabər diplomatik qələbə idi. Nəticəsini bundan sonra zaman-zaman görəcəyik".

Təhməz Əsədov


Etiketlər:  Müharibədən sonra böyük qələbəmiz Brüssel görüşünün DETALLARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ