Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2021 22:32
Azərbaycanda Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi fəaliyyətə başlayıb.
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi heyvan xəstəliklərinin aşkarlanması və onlarla mübarizənin təşkili, habelə heyvan mənşəli məhsulların qida zənciri boyu izlənilməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə artıq sistemin tətbiqinə başlanıb. İlk mərhələdə iribuynuzlu heyvanların və atların identikləşdirilməsi nəzərdə tutulur.
Dünya Bankının dəstəyi ilə icra edilən layihənin elektron proqram təminatı hazırlanaraq, sınaqlara başlanıb. İlkin olaraq Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunda ailə-kəndli və fermer təsərrüfatlarında heyvanlar identikləşdirilir, eyni zamanda, həm təsərrüfatlar, həm də heyvanlar haqqında məlumatlar sistemə daxil edilir.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, sistemin uğurla tətbiqi üçün normativ-hüquqi sənədlərin layihələri hazırlanıb, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tərkibində "Heyvanların İdentifikasiya Mərkəzi" departamenti yaradılıb və AQTA-nın müvafiq struktur bölmələrində konkret fəaliyyət istiqamətləri müəyyən edilib.
HİQS fərdi heyvandan başlayaraq, heyvandarlıq təsərrüfatı, heyvanların satış bazarı, heyvan kəsimi məntəqələri, emal müəssisələri, topdan və pərakəndə satış müəssisələrini əlaqələndirməklə fəaliyyət göstərəcək. Proqram təminatının yaradılması bu sahədə görüləcək işlərin ilkin və ən əsas hissəsidir. Respublikada heyvanların identikləşdirilməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ölkəmizdə bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunmasına öz töhfəsini verəcəkdir.