Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir ucdan hərbi texnika daşınır, hücumun haradan başlayacağı açıqlandı

Bir ucdan hərbi texnika daşınır, hücumun haradan başlayacağı açıqlandı

Tarix: 27 Dekabr 2021 15:40

Rusiya Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməkdə davam edir və qərb mənbələri cəmləşdirilən canlı qüvvənin sayının 350 minə çatacağını bildirir. Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, hücumun hansı istiqamətdən başlayacağına dair məlumatlar da var.  "The Washington Post" yazır ki, Rusiya Ukraynaya hərbi müdaxiləyə qərar versə qoşunlar indiyədək təxmin edildiyi kimi qurudan-separatçıların nəzarətində olan Donbassdan və ya Krım istiqamətindən deyil, Azov dənizi üzərindən ilk həmləni edəcək. Belə ki, Azov dənizi sahilində Ukrayna ordusunun müdafiə istehkamları zəifdir və Rusiya desantı asanlıqla bu istiqamətdən quruya çıxaraq sürətlə yeni ərazilər tuta bilər.

Ukrayna Müdafiə Nazirliyindən isə bildirirlər ki, hazırda Azov dənizi sahili boyu müdafiə istehkamları gücləndirilir.

Bu arada sosial şəbəkələrdə Rusiya ordusunun yeni birləşmələrinin Ukrayna sərhədi istiqamətində hərəkətinə dair görüntülər yayılmaqdadır. Rusiyalı sosial şəbəkə istifadəçiləri ötən bazar günü səhər saatlarından etibarən Novozıbkov dəmir yol stansiyasına çoxsaylı hərbi texnikanın boşaldıldığını bildirirlər. Bu stansiya Ukraynanın Çerniqov vilayətindən cəmi 66 kilometr məsafədədir. Ehtimal edilir ki, həmin texnika Çerniqov vilayəti ilə həmsərhəd Klimovo şəhəri ətrafında yaradılan yeni səhra düşərgəsinə cəmləşdirilir.

Hərbi texnika hələlik şəxsi heyət olmadan daşınır, amma Kreml əmr versə şəxsi heyətin cəmləşdirilməsinə və hücum əməliyyatının başlamasına 2-3 həftə vaxt tələb oluna bilər. "Conflict Intelligence Team" qrupunun rəhbəri Ruslan Leviyev hesab edir ki, Ukrayna sərhədləri boyu cəmləşdirilmiş bütün hərbi texnikanın şəxsi heyətini əməliyyat rayonlarına daşımaq üçün bir neçə həftə vaxt lazım olacaq. "Bundan çıxış edərək biz dekabrın sonlarında, eləcə də yanvarın əvvəllərində, yəqin ki, yeni il bayramı günlərinin sonuna qədər biz xüsusi kəskinləşmə gözləmirik. Əgər Putin hücuma başlamağı qərara alsa bu yanvarın sonlarında, fevralın əvvəllərində baş verəcək",-o deyib.

Habelə Rusiya mənbələri Ukrayna sərhədlərinə tərəf "Buk-M3" və S-350 "Vityaz" zenit-raket komplekslərinin yeni diviziyonlarının hərəkət etdiyini bildirirlər. O cümlədən yayılan videolardan birində Moskva ətrafındakı hərbi hissələrdən birindən S-400 "Triumf" zenit-raket komplekslərinin də gecə saatlarında bazanı tərk edərək Ukrayna istiqamətində hərəkət etdiyinə dair görüntülər yayılıb.

Qərb KİV-ləri Ukrayna sərhədləri boyu cəmləşdirilmiş Rusiya qoşunlarının sayının hazırda 120 mini keçdiyini bildirir. Lakin zərurət yaranarsa Rusiya 350 minlik canlı qüvvə səfərbər edə bilər. Bunun üçün isə bir həftə vaxt lazım gəldiyi bildirilir.

Xatırladaq ki, ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna üzərinə hücuma fevralın sonlarında, yanvarın əvvəllərində başlaya biləcəyinə dair xəbərdarlıqlar yayıb.


Etiketlər:  ucdan hərbi texnika daşınır hücumun haradan başlayacağı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ