Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadınları aldadıb qızıllarını alan baxıcı - “Enerji verib sonra qaytaracaqdım”

Qadınları aldadıb qızıllarını alan baxıcı - “Enerji verib sonra qaytaracaqdım”

Tarix: 30 Dekabr 2021 21:16

Özünü baxıcı kimi təqdim edib külli miqdarda qızıl və pulu ələ keçirən şəxs həbs edilib.

Sonxeber.net "kriminalqafqaz"a istinadən bildirir ki, hadisə 2020-ci ilin aprelində baş verib. Sevda Qurbanova (ad və soyad şərtidir) bir neçə qadına problemlərini həll edəcəyini deyərək onlardan qızıl və pul alıb. Babayeva qurbanlarını ona vergi verildiyinə inandırıb. Onlara cadu, tilsim, dua və digər müxtəlif dini rituallar vasitəsi ilə hər bir problemi həll edə biləcəyini deyib.

Daha sonra əməllərinin üstü açılan S.Babayeva barəsində cinayət işi başlanıb və o həbs edilib. Məhkəmə iclasında ifadə verən baxıcı bildirib ki, o bu işləri tək yox, əslən yəhudi olan iki qadınla birlikdə edib: "2017-ci ildən bəri baxıcılıqla məşğul olmuşam. Mənə Allah tərəfindən müəyyən uzaqgörənlik, hissetmə kimi vergi verilib. Müəyyən hisslərlə hadisələri görüb, həmin hadisələrin baş verə biləcəyini əvvəlcədən çatdıra bilirəm. Mənə müraciət edən şəxsləri dinləyərək onların problemlərini həll etməkdə kömək edib xidmət haqqı kimi 20 manat almışam. Bu işləri əslən yəhudi olan Janna və Qalya adlı şəxslərlə birlikdə edirdim. Mənə müraciət edən xanımlardan aldığım pul və qızıl zinət əşyalarını ovsunlatdırıb qaytaracağım adı ilə onlardan alaraq həmin iki qadına vermişəm. Həmin iki qadın Moskvada yaşayırlar, arabir bura gələrək İsmayıllıda İvanovka kəndində qalırdılar. O iki qadın məni aldadaraq qaçıblar.

İlk dəfə 2020-ci ilin aprelində Günay adlı xanım mənə əri ilə bağlı probleminin olduğunu deyərək müraciət etmişdi. Mən də ərinin ona xəyanət etdiyini və onların münasibətlərini düzəldəcəyimi dedim. Bundan sonra bu xidmət qarşılığında ondan 1200 manat, qızıl boyunbaq, qızıl üzük və qızıl klonu götürüb Janna və Qalyaya verdim. Bundan başqa, Aynur adlı bir xanım da müraciət edərək demişdi ki, işlədiyi yerdə hansısa kişini sevir. Həmin kişi ilə münasibətinin yaxşılaşdırılmasını istəmişdi. Ondan da eyni üsulla pul və qızıl alaraq həmin qadınlara verdim. Janna qızıllara enerji verib sonra qaytaracağını, bundan sonra işlərinin yaxşı olacağını bildirmişdi. Amma onlar ölkədən qaçaraq məni də aldatdılar".

Sevda Qurbanova tutduğu əməldən peşman olduğunu və cəzasının yüngül olmasını xahiş edib.

Məhkəmə araşdırmaları zamanı tərəflər arasında olan yazışmalar aşkarlanıb. Həmin yazışmalarda tərəflər arasında pul və qızıl ziynət əşyalarının alınması və verilməsi ilə bağlı söhbətlər öz əksini tapıb. Tərəflər barışdığı üçün Binəqədi Rayon Məhkəməsi Sevda Qurbanovaya sadəcə cərimə cəzası verib. Hökmə əsasən, baxıcı 3700 manat cərimə olunub.


Etiketlər:  Qadınları aldadıb qızıllarını alan baxıcı Enerji verib sonra qaytaracaqdım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ