Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 22:44
AFR ilə Çexiya arasında benzinin və dizel yanacağının qiymətləri arasındakı fərq sərhəddə bir neçə kilometr uzunluğunda nəqliyyat tıxaclarına səbəb olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, almanların çoxu Yeni il tətillərindən evə qayıdarkən Almaniya-Çexiya sərhədində ucuz qiymətə yanacaq almaq qərarına gəliblər.
Çexiya qəzetlərinin yazdığına görə, tıxaclardakı avtomobillərin demək olar ki, hamısının nömrə nişanları Almaniyaya məxsusdur. Sərhədin Çexiya tərəfində yanacağın qiyməti arasındakı fərq 30 sentdən çoxdur: burada əla keyfiyyətli benzin alan sürücülər hər litrdə 38 sentə, Super E10 benzini alanlar isə 34 sentə qənaət edə bilərlər. Dizel yanacağı Almaniyadakı ilə müqayisədə 19 sent ucuzdur.
Son vaxtlar Almaniya yanacaqdoldurma məntəqələrində qiymətlər artıb, Çexiyada isə əksinə, Yeni ildən etibarən yanacaq üçün ƏDV ləğv edilib. Almaniyada karbon qazına görə verginin artırılması benzinin təqribən 7 sent, dizel yanacağının 8 sent bahalaşmasına səbəb olub. Sərhəddəki ajiotaj bununla bağlıdır.