Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 23:27
Son günlər azyaşlılar arasında yayılan xəstəliklərlə əlaqədar xəstəxanalara müraciətlərin sayı artıb. Uşaqlar arasında əsasən qızdırma halları müşahidə olunur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatr Əkbər Quliyev bununla əlaqədar deyib: "Qızdırma, burun axıntısı, boğaz ağrısı və halsızlıq şikayətləri ilə müraciət edənlərin sayı artıb. Qış mövsümündə havaların soyuması ilə əlaqədar həmin hallara hər il rast gəlinir. Bu il də bağçalar və məktəblər açılandan sonra həmin müraciətlər daha da çoxalıb".
Uşaqlar arasında mövsümü xəstəliklərə hər zaman rast gəlinsə də, yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə qeydə alınan artım narahatlıq doğurur. Virusa əsasən 2-12 yaş arasında bağça və məktəbə gedən azyaşlılar yoluxur. Xəstəlikdən sağalma müddəti isə müxtəlifdir. Bəzi uşaqlar 2-3 günə, bəziləri isə daha gec sağalır.
"İlk üç gündə qızdırmanı aşağı salmağa çalışır, burunu təmizləyir, sonra şikayətə əsasən müalicə tətbiq edirik. Uşağın qızdırması 3-5 gündən daha çox çəkərsə, mütləq həkimə müraciət edib müayinə olunmaq lazımdır. Son zamanlar həmin halın mutasiya olunan virus olunduğu barədə şayiələr yayılıb. Pandemiya dövründə yaşadığımıza görə COVID-dən şübhələnmək də lazımdır. Ən azı xəstəliyin qrip virusu, influenza və ya COVID olduğunu ayırd etmək lazımdır",- deyə həkim-pediatr bildirib.
Bundan əlavə qızdırması olanları çox qalın geyindirmək olmaz. Valideynlərin uşaqları tərlədərək sağaltmaq metodu həkimlər tərəfindən tövsiyə olunmur. Bu, vəziyyətin bir qədər də ağırlaşmasına aparıb çıxara bilər. Gigiyenik qaydalara və sosial məsafəyə əməl etməklə də onların sağlamlıq qayğısına qalmaq mümkündür.