Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2022 21:18
Kişi sonsuzluğunun müalicə üsulu onun yaranma səbəblərindən asılı olaraq həkim-androloq tərəfindən müəyyən edilir. Hər hansı "özbaşına" müalicə, həmçinin müxtəlif ekstrasenslər və digər "şəfavericilər" tərəfindən aparılan müxtəlf "müalicələr" heç bir nəticə verməyəcəkdir.
Bundan savayı, bu halda, həmçinin xəstəliyin müalicəsi üçün çox əhəmiyyətli hesab olunan vaxt itkisinə də yol verilmiş olacaqdır.
Kişi sonsuzluğunun əsas səbəbi - kişi spermasının keyfiyyətinin aşağı olması (canlı və hərəkətli spermatozoidlərin sayının həddən artıq az olması, spermada spermatozoidlərin, ümumiyyətlə, olmaması və s.) hesab edilir. Bu səbəbdən müalicə zamanı həkimlər əsas diqqəti də spermoqramma göstəricilərinin yaxşılaşdırılmasına yönəldirlər. Xəstəliyin müalicə üsulları ilk növbədə, əlbəttə ki, yaranmış olan pozğunluğun səbəbindən asılı olur. Ancaq xəstəliyin səbəbindən asılı olmayaraq aparılan müalicə sxemlərində ümumi qaydalar da mövcuddur.
Bu qaydalar aşağıdakılardır:
1. Müalicə hər bir halda fərdi olmalıdır, yəni həkim ilk növbədə xəstədə sonsuzluğun səbəblərini müəyyən etməli və yalnız bundan sonra onun müalicəsi üçün xüsusi müalicə sxemi hazırlamalıdır.
2. Müalicə hər bir halda kompleks şəkildə aparılmalıdır, yəni müalicə sxeminə həm əsas dərman preparatları (xəstəliyin səbəbindən asılı olaraq), həm də köməkçi preparatlar (vitamin və mineral kompleksləri, immunomodulyatorlar və s.) daxil edilməlidir.
3. Müalicə kifayət qədər uzun müddət ərzində aparılmalıdır. Belə ki, spermatozoidlərin yetişməsi prosesi təxminən 74 gün davam etdiyi üçün, kurs müalicəsi də bu rəqəmə yaxın müddət ərzində aparılmalıdır. Əks təqdirdə patoloji spermanın sağlam sperma ilə əvəz olunması baş tutmaya bilər.
4. Spermoqrammanın təkrar müayinəsi isə kurs müalicəsindən təxminən 4-6 həftə sonra aparılmalıdır. Bu, aparılan müalicədən sonra sağlam halda olan xayalar tərəfindən yeni spermatozoidlər kütləsini hazırlamaq üçün müəyyən bir vaxt keçməsi ilə əlaqədardır. Bu halda, spermoqramma göstəricilərinin əvvəlki spermaya deyil, yeni sağlamlaşan spermaya aid olmasına əmin olmaq olar.
5. Müalicə 6 aydan artıq davam etməli deyil: əgər aparılan bir-iki müalicə kursu nəticəsində lazımi effekt əldə edilməyibsə, sonrakı müalicə kursları, adətən, effektsiz olur. Bu halda həkim xəstəyə hər hansı bir müvafiq süni mayalanma üsulunu təklif edə bilər.
6. Spermanın göstəriciləri yaxşılaşdığı halda isə, hamiləliyin baş tutması üçün çox gözləmək də lazım deyil. Əfsuslar olsun ki, bir çox hallarda alınan müsbət nəticələr çox da davamlı olmur. Belə ki, bir müddət keçdikdən sonra spermanın göstəriciləri əvvəlki keyfiyyətsiz hala qayıda bilər.