Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2019 00:32
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Prenyer Liqasında III turun "Səbail" - "Qarabağ" matçından (0:4) sonra brifinq keçirib.
- "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını necə dəyərləndirirsiniz?
- Yaxşı olacağına inanıram. Qorxduğumuz yalnız "Sevilya"dır. O biri rəqiblərdən çəkinmirik. Nəsə etmək olar.
- Konkret nə?
- "Sevilya"dan ən azı 1 xal almaq olar (gülür). Niyə də yox?!
"Neftçi" - "Sumqayıt" matçında baş verənlərdən məlumatınız varmı? Varsa, olanları necə şərh edərdiniz?
- Hər şeydən məlumatım var. Gələn həftənin çərşənbə günü hər şeyi, yekun nəticəni biləcəksiniz.
Şəxsi fikriniz nədir?
- Olmamalı idi. Olubsa, buna cavab olmalıdır. Xoşagəlməz hadisə məşqçinin baş məşqçiyə əl qaldırmasıdır. Futbolda qalan hər şey olur - hakim də, futbolçu da, məşqçi səhvi də. Ancaq həmkarın həmkara əl qaldırması məncə, qeyri-etikdir. Belə olmamalıdır, baş verməsi düzgün deyil.
- İlk 3 turu necə dəyərləndirirsiniz və çempionatın səviyyəsi sizi qane edirmi?
- Cəmi 3 turla çempionatın səviyyəsi bilinməz. Bu, 5-6 turla bilinər. Bu dəqiqə komandalar istirahətdən qayıdıblar. İndi baş məşqçilər öz fikirlərini, taktikalarını yeridə bilməz. Futbolçular dincəlməkdən yeni gəliblər. Sözsüz ki, avrokuboklarda çıxış edən "Qarabağ"la "Neftçi" üçün vaxt gözləməyə ehtiyac yoxdur. Ancaq digər komandalar üçün vaxt lazımdır.
- "Qarabağ"ın 4:0 hesablı səfər qələbəsinə sevindiniz, yoxsa "Səbail"in eynihesablı məğlubiyyətinə məyus oldunuz?
- Məyus olmalı bir şey yoxdur. Çünki "Qarabağ" futbolda artıq öz sözünü demiş komandadır. Belə götürsək, hər iki komandanın vəziyyətini nəzərə almalıyıq. Deyəcəksiniz, Ramin müəllim yenə "Səbail"i tərifləyir, ancaq 0:4 uduzsa da, gənc futbolçularla da olsa, oyun göstərdi.
- "Neftçi" ilə azarkeşlər arasında yenə qalmaqal yaşandı. Azarkeşlər stadiondan çıxarılacaqsa, oyuna kim baxacaq?
- Televizorda oyuna baxırdıq da. Deyirsiniz ki, az qala stadiondan çıxarırlar. Həmişə azarkeşlərin tərəfində olmuşam. Onlara kömək də etmişəm, yardım da. Bir problem yaşananda onların yanında olmuşam. Ancaq söyüşün əleyhinəyəm, olmaz. Heç kimi təhqir etmək, qəlbinə dəymək olmaz. Ayıbdır.
- Sponsor məsələsi hələ də açıq qalır?
- Həll olunmalıdır. Ötən gün də saat 2 radələrində danışmışıq. İnanıram ki, tezliklə həll olunacaq. İki namizəd var. Hər ikisi də əcnəbi şirkətdir (Report).