Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2022 20:21
Saturasiya − qanın oksigenlə doyması deməkdir. Saturasiya aparatı ilə qandakı oksigenin dəyəri və nəbz ölçülür. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə yoluxma zamanı ən çox zədələnən orqanlardan biri də ağciyərlərdir. Ağciyərlər normal işlədiyi halda saturasiya dəyəri 93−99 arasında dəyişir. COVID-19-un zədələdiyi ağciyərlərdə isə saturasiya göstəricisi, adətən, 90-dan aşağı olur. Nəzərə almaq lazımdır ki, saturasiya təkcə koronavirus xəstələrində deyil, digər bir sıra xəstəliklərdən əziyyət çəkənlərdə də aşağı düşə bilər. Misal üçün, ürək çatışmazlığı zamanı saturasiyanın düşməsi halı çox müşahidə edilir. Saturasiya və nəbzi ölçən aparat saturometr adlanır. Müvafiq şikayətləri olan pasiyentlərdə saturasiya və nəbz yoxlandığı halda, həkimdə onun ağciyərlərinin fəaliyyəti haqqında təsəvvür yaranır və uyğun olaraq, pasiyentin müayinə metodu müəyyən edilir.
Sonxeber.net xəbər verir ki, bu barədə kardioloq-aritmoloq Günay Rəhimova məlumat verib.
Həkim-mütəxəssis saturasiya aparatının düzgün istifadə qaydası barədə danışıb. Qeyd edib ki, dırnaqları qalın manikür olan qadınlarda bir sıra hallarda saturasiya göstəricisi düzgün olmaya bilər: "Belə olan halda, narahatlığa ehtiyac yoxdur. Yəni, dırnaqlar qalın manikürlüdürsə, aparatda saturasiyanın normadan aşağı görünməsi normal haldır. Ümumiyyətlə saturasiya aparatı ilə yoxlama zamanı əli hərəkət etdirmədən təxminən 30 saniyə gözləmək lazımdır. Saturasiyanın aşağı olması qanda oksigen çatızmazlığına işarədir".
G.Rəhimova, həmçinin bildirib ki, saturasiyası çox aşağı olan xəstələrin simasından bunu anlamaq mümkündür: "Belə xəstələrin dodaqları göyərir və tənəffüs hərəkətlərinin sayı artır. Saturasiya normada olduqda ağciyərlər bir dəqiqə ərzində 16-17 dəfə qalxıb-düşməlidirsə, aşağı olan zaman göstərici 20-30 arasında dəyişir. Təəssüflər olsun ki, bu problemə COVID-19 pandemiyası dövründə daha çox rast gəlinir".
COVID-19 xəstəliyini qeyri-normal təzyiqdən əziyyət çəkənlərin daha ağır keçirdiyini deyən həkim-mütəxəssis əlavə edib: "Azərbaycan təzyiq xəstəliyi baxımından endemik hesab edilir, çünki ölkədə artıq çəkidən əziyyət çəkənlərin sayı çoxdur, əhalinin əksəriyyəti pəhriz qaydalarına riayət etmir, çox duzlu qidalanır və idmanla, demək olar ki, məşğul olmur. Həmin faktorlar yüksək təzyiqli xəstələrin sayının çoxalmasına gətirib çıxarır. Əlbəttə ki, koronavirus pandemiyası da problemi ağırlaşdırıb. Təsiredici digər səbəb isə COVID-19-un bəzən evdə özbaşına müalicə olunmasıdır. Yanlış müalicə metodu ilə bəzi vətəndaşların təzyiqi müalicə olunmaz vəziyyətə gəlir, xəstələrin halı ağırlaşır. Belə olan halda, həkim-mütəxəssisə müraciət etmək mütləq lazımdır. Bəzən koronavirusun mənfi təsiri xəstə sağaldıqdan sonra da orqanizmdən çıxmır. Xəstənin təzyiqi müalicə müddətində qəbul edilən lazımsız dərmanların toksiki təsiri yalnız bədəndən çıxdıqdan sonra normallaşır. Yəni, həkim-mütəxəssisə müraciət edərək vəziyyəti dəqiqləşdirmək lazımdır. Xüsusilə təzyiq xəstələri COVID-19-a yoluxduqları halda kardioloq və infeksionistin birgə müalicəsini almalıdırlar".