Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bunu xarici bazarda daha yüksək qiymətə sataraq kapitala çevirmək olar''

''Bunu xarici bazarda daha yüksək qiymətə sataraq kapitala çevirmək olar''

Tarix: 14 Yanvar 2022 14:12

Azərbaycanın böyük neft-qaz ehtiyatları olsa da, ənənəvi enerji ehtiyatlarının tükənməz olmadığı sirr deyil. Karbohidrogen ehtiyatlarının sonsuz olmadığı və müəyyən dövrdən sonra tükənəcəyi, eləcə də ekologiyaya ziyan vurması istiqaməti alternativ enerji mənbələrinə çevirmək zərurəti yaradır. Hazırda bütün dünyada məhz bu tendensiya müşahidə olunmaqdadır.

Bir çoxları alternativ enerjinin heç vaxt ənənəvi enerji mənbələrini əvəz edə bilməyəcəyi tezisini müdafiə etsə də, inkar etmək olmaz ki, alternativin olması hər zaman lazımdır və bu üstünlüyü təmin etmək üçün əvvəldən hazırlaşmaq lazımdır. Xüsusilə də sözügedən perspektivli sahənin inkişafı üçün hər cür şərait və imkanlar olduğu halda. Sevindirici haldır ki, bu şərait və imkanlar Azərbaycanda mövcuddur və ölkəmizdə bu istiqaməti inkişafı üçün böyük səylər göstərilir.

Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçidin təmin edilməsi sahəsində reallaşan layihələr, görülən işlər hələ 1994-cü ildə Heydər Əliyev tərəfindən təməlini qoyulan enerji siyasətinin davamı, yeni mərhələsidir.

Prezident İlham Əliyevin iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi "yaşıl enerji"nin ölkə inkişafında aparılan mühüm tədbirlərin bariz nümunəsidir.

"Bu, çox gözəl hadisədir. Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir", - Prezident İlham Əliyev təməlqoyma mərasimi zamanı vurğulayıb.

Azərbaycanın enerji siyasətinin "yaşıl" istiqamətinin inkişafı çərçivəsində digər əlamətdar bir hadisə bu gün Azərbaycan Energetika Nazirliyi ilə "ACWA Power" şirkəti arasında Xəzərin Azərbaycn sektorunda külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması olub. Memorandum dənizdə külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycanda bərpa olunan enerji layihələrinə gəlirli investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban "APA-Economics"ə açıqlamasında "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlinin qoyulmasının, bununla yanaşı dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalamasının ölkədə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı baxımından vacibliyini qeyd edib.

"Təbii ki, bütün bunlar həm ekologiyaya müsbət təsirini göstərəcək, həm də ənənəvi enerji resurslarından daxili bazarda qənaət edilə bilər, hansılar ki, sonradan xarici bazarda daha yüksək qiymətə sataraq kapitala çevirmək olar", - İ. Şaban bildirib.

Ekspert əlavə edib ki, artıq bir neçə ildən sonra təməli qoyulan stansiyada elektrik enerjisi istehsal etmək olacaq.

"Azərbaycan uzun illərdir, bu cür layihələri nəzərdən keçirdirdi, yəni söhbət dənizdə külək enerjisindən elektrik enerjisinin istehsal edilməsi layihələrində gedir. Mənim yadımdadır ki, bu məsələ hələ 2015-2016-cı illərdə şirkətlərlə müzakirə obyekti kimi ortada var idi. Çox təqdirəlayiq haldır ki, 2022-ci ildə bununla bağlı praktiki addımlar atılır", - İ. Şaban deyib.


Etiketlər:  Bunu xarici bazarda daha yüksək qiymətə sataraq kapitala çevirmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ