Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2022 21:06
ABŞ kəşfiyyatı Rusiya qoşunlarının yanvarın sonu, fevralın əvvəllərində Ukrayna sərhədlərini keçəcəyini iddia edir, Ağ Ev isə Kremlin belə addıma cəsarət göstərəcəyi təqdirdə, 18 müxtəlif plan üzrə cavab zərbələri olacağını vurğulayır; Kreml ABŞ və NATO ilə savaşa başlayacağı təqdirdə, bütün MDB ölkələrini Rusiyanın yanında görmək istəyir...
Rusiyanın ABŞ və Qərb ilə münasibətləri gərginləşməkdə davam edir. Kreml beynəlxalq rəqibləri ilə qarşıdurmaya Rusiyanın maraqlarına uyğun məzmun və keyfiyyət qazandırmaqda çətinlik çəkir. Və bu baxımdan, Rusiyanın beynəlxalq rəqabət manevrlərinin indiki mərhələdə iflasa uğradığını düşünmək olar.
Məsələ ondadır ki, Kreml sonuncu Rusiya-NATO sammitindən əliboş ayrıldı. Rusiya bu sammitdə əsasən, NATO-dan "təhlükəsizlik təminatı" almağı hədəfləmişdi. Və bu hədəf vaxtilə Rusiyaya verilmiş qeyri-rəsmi vədlərindən qaynaqlanırdı.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Kreml iddia edir ki, keçmiş SSRİ dağıldıqdan sonra NATO Rusiyaya Şərqə doğru genişlənməyəcəyi ilə bağlı vəd verib. Ancaq bu barədə heç bir hüquqi sənəd imzalanmadığından həmin vədlər yerinə yetirilməyib. Hətta Rusiya prezidenti Vladimir Putin bir müddət öncə bu barədə danışarkən, "NATO Rusiyanı vicdansızcasına aldatdı" ittihamını dilə gətirmişdi.
İndi Kreml NATO-dan tələb edir ki, həmin vədlər mütləq yerinə yetirilsin. Eyni zamanda, bu barədə öhdəliklər rəsmi müqavilə ilə təsdiqlənsin. Xüsusilə də, Kreml NATO-dan Ukrayna və Gürcüstan da daxil olmaqla, heç bir postsovet ölkəsinin bu hərbi-siyasi alyansa üzv olmayacağı barədə rəsmi təminat tələb edir.
Maraqlıdır ki, sonuncu Rusiya-NATO sammiti məhz bu mövzunun müzakirəsinə həsr olunmuşdu. Ancaq Kreml öz istəyinə nail ola bilmədi. Sammitdən sonra NATO baş katibi Yens Stoltenberq açıqlama verərək, bildirdi ki, bu hərbi alyans Rusiyanın tələblərini qəbul etmək niyyətində deyil. Əksinə, NATO Ukrayna və Gürcüstanı öz sıralarına qəbul etmək barədə prinsipial qərar verib. Sadəcə, belə bir addımın atılacağı zaman hələlik dəqiqləşdirilməyib.
NATO baş katibi vurğulayıb ki, hazırda əsas fəaliyyət Ukrayna və Gürcüstanı bu alyansa üzvlüyə hazırlamaq istiqamətinə yönəldilib. Tezliklə Ukrayna ordusunun NATO standartlarına uyğunlaşdırılması prosesinə start veriləcək. Yəni, Rusiyanın Qərb sərhədlərində NATO hərbi bazalarının olub-olmayacağı hələlik məlum deyil. Ancaq həmin regionda NATO standartlarına uyğun ordunun mütləq olması ABŞ və Qərbin əsas hədəfinə çevrilib.
Göründüyü kimi, Kreml olduqca əlverişsiz beynəlxalq rəqabət məkanında yeni hərbi çağırışlar qarşısında qalıb. Belə durum Rusiya üçün ənənəvi olmadığından hətta Kremlin siyasi çaşqınlığı da qətiyyən diqqətdən yayınmır. Ona görə də, hələlik əsas diqqəti Ukrayna və Gürcüstan istisna olmaqla, digər postsovet ölkələrini Rusiya ətrafında birləşdirməyə yönəldib.
Rusiya xarici işlər naziri Sergey Ryabkovun bəzi postsovet ölkələrinin Moskvadakı səfirlərini Kremlin ABŞ və NATO ilə son danışıqlarının yekun nəticələri ilə bağlı məlumatlandırmasını da bu istiqamətdə yozmaq olar. Həmin məlumatlandırma görüşünə Belarus, Azərbaycan, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirləri dəvət alıblar. Görüşdə Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik təminatı mövzusunda danışıqların nəticəsiz sona çatdığı bildirilib.
Təbii ki, bu, qətiyyən təsadüfi xarakter daşımır. Çünki Kreml adətən, öz beynəlxalq rəqabləri ilə münasibətlərinin detallarını postsovet ölkələri ilə bölüşməyə vərdişli deyil. Ancaq bu dəfə vəziyyət fərqli və kifayət qədər ciddidir.
Belə anlaşılır ki, postsovet ölkələri ilə məlumatlandırma görüşü ilə Rusiya əslində, həmin dövlətlərə üstüörtülü mesaj vermək niyyəti də güdür. Kreml savaş ehtimalının yüksək olduğuna eyham vurmaqla yanaşı, postsovet ölkələrini bu qarşıdurmaya münasibətdə Rusiyanın yanında görmək istədiyini də biruzə verir. Və bu, Rusiyanın kifayət qədər çətin vəziyyətdə olduğunun əlaməti də sayıla bilər.
Hər halda, Rusiya beynəlxalq rəqabət məkanında böyük uğursuzluq ilə qarşılaşıb. ABŞ və NATO Rusiyanın "təhlükəsizlik təminatı" barədə ultimatum məzmunlu tələbini geri çevirib. Və belə situasiyada yaxın gələcək üçün Rusiyanın beynəlxalq rəqibləri ilə savaşmaq məcburiyyətində qala biləcəyi kifayət qədər aktual xarakter daşıyır.
Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da belə bir ehtimalın reallığa çevrilə biləcəyini qətiyyən istisna etməyib. Hətta rus xarici işlər naziri Qərbi Ukraynanın NATO-ya üzv qəbul olunacağı təqdirdə, Rusiyanın bu hərbi-siyasi alyansa qarşı müharibəyə başlaya biləcəyi ilə hədələyib.
Belə anlaşılır ki, Rusiyanın ABŞ və NATO ilə qarşıdurması artıq qlobal savaş mərhələsinə sürətlə yaxınlaşmağa başlayıb. Hətta ABŞ və Qərb bu ehtimalın ciddi olduğunu qəbul etdiyindən ilkin hazırlıq prosesinə də start verilib. ABŞ öz vətəndaşlarını Ukraynaya, xüsusilə də bu ölkənin Rusiya ilə həmsərhəd olan şərq bölgələrinə səfər etməməyə çağırıb. Üstəlik, Ağ Ev Rusiyanın Ukraynaya hərbi müdaxiləyə başlayacağından əmin olduğunu da qətiyyən gizlətmir.
Məsələ ondadır ki, Ağ Evdən verilən son açıqlamaya görə Rusiya qoşunları yanvarın sonlarında Ukrayna sərhədlərini keçəcəyini bəyan edib. Detallı kəşfiyyat məlumatlarına malik olduğunu iddia edən Ağ Ev ən yaxşı halda, Rusiyanın Ukraynaya qarşı müharibənin başlanma tarixini fevralın ilk həftəsinə keçirə biləcəyini vurğulayıb. Və Ukraynaya qarşı savaşa başlamazdan öncə Rusiyaya bir daha düşünməyi məsləhət görüb.
Maraqlıdır ki, Ağ Ev rəsmiləri bütün açıqlamalarında Ukraynaya qarşı hərbi müdaxilənin Rusiyaya baha başa gələ biləcəyini iddia edirlər. Onlar Rusiyanı olduqca ağır beynəlxalq sanksiyaların gözlədiyini vurğulayırlar. Xüsusilə də, yeni maliyyə-iqtisadi sanksiyaların Rusiya üçün dağıdıcı xarakter daşıya biləcəyi barədə xəbərdarlıq edirlər.
Ümumiyyətlə, ABŞ rəsmiləri bu dəfə Rusiya ilə qarşıdurmaya daha yaxşı hazırlaşdıqlarını qabartmaqda maraqlı görünürlər. Onların iddialarına görə, Rusiya Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə, ABŞ-ın verəcəyi alternativ reaksiya ilə bağlı 18 müxtəlif plan Ağ Evin ixtiyarındadır. Hətta bu hərbi-siyasi qarşıdurmanın Rusiya üçün ən qəddar ssenari ilə yekunlaşdırılmasına belə, ABŞ-ın tamamilə hazır olduğuna eyham vurulur. Və bütün bunların reallığa nə qədər yaxın olduğu yəqin ki, tezliklə aydınlaşmağa başlayacaq.