Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Keçən il dünya bazarında ərzaq məhsullarında ən yüksək qiymət artımı müşahidə olunub”

Tarix: 21 Yanvar 2022 14:08

"Son onilliklərə baxsaq, keçən il dünya bazarında ərzaq məhsullarında ən yüksək qiymət artımı müşahidə olunub".

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

V. Bayramov deyib ki, qlobal bazarlarda ərzaq məhsullarının qiyməti 38 faiz artıb: "Xüsusən təklifin azalması və tələbin artması fonunda növbəti illərdə də dünya ərzaq bazarında tələb və təklif arasında fərqin olacağı gözlənilir. Yəni bir tərəfdən tələb, istehlak artır, digər tərəfdən isə pandemiya səbəbindən təklifin azalması prosesi müşahidə olunub və bu proses davam edir. Təbii ki, bu da qiymətlərə təsir göstərir. Ona görə də növbəti dövrlərdə də dünya bazarında qiymətlərin artacağı gözləniləndir".

Deputat qeyd edib ki, Azərbaycan dünya bazarındakı qiymət artımlarının daxili istehlak bazarına, eləcə də ölkədə inflyasiya səviyyəsinə təsirini minimallaşdırmaq üçün sistemli tədbirlərin həyata keçirilməsi ilə bağlı xüsusi plan hazırlayacaq: ""Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Tədbirlər Planı dünya bazarında qiymət artımlarının təsirlərini minimallaşdırmaq məqsədi daşıyır. Təbii ki, burada əsas məqsədlərdən biri yerli istehsal hesabına istehlakın əhəmiyyətli hissəsinin ödənilməsi, xüsusən də kənd təsərrüfatı məhsullarının yerli istehsalının genişləndirilməsi, xarici bazarlarda qiymət artımlarının təsirlərinin minimallaşdırılmasıdır. Bu istiqamətdə də fəaliyyətlər davam etdirilir. Bu aspektdə xüsusən işğaldan azad olunmuş ərazilərimizdəki torpaq fondunun yenidən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə imkanları da yerli istehsalın genişləndirilməsi üçün yeni potensialdır".

V. Bayramov nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, məhsuldarlığın artırılması hesabına kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi nəzərdə tutulur: "Bu da kənd təsərrüfatı məhsullarına olan tələbin daha çox yerli istehsal hesabına ödənilməsi üçün vacibdir. Eyni zamanda süni qiymət artımına qarşı mübarizə davam etdirilir. Bununla bağlı istehlak bazarında monitorinqlərin aparılması, süni şəkildə artırılmış qiymətlərin tənzimlənməsi ilə bağlı tədbirlər daha sistemli, daha ünvanlı şəkildə həyata keçiriləcək. Bu da təbii ki, qiymətlərin tənzimlənməsi baxımından vacibdir. Bütövlükdə antiinflyasiya tədbirlərinin, eyni zamanda ərzaq təhlükəsizliyi və ərzaq təminatının formalaşması ilə bağlı aparılan siyasətin strateji hədəfləri istehlakın daha çox yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir. Bu, həm qeyri-neft ixracatının artırılması, həm də idxalın azalmasına gətirib çıxaracaq. Bu, ərzaq təminatı və qiymətlərin optimallaşdırılması üçün hədəflərə nail olunması baxımından vacib hesab olunur".

Milli.Az


Etiketlər:  Keçən il dünya bazarında ərzaq məhsullarında ən yüksək qiymət artımı müşahidə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ