Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2022 12:45
Sonxeber.net xəbər verir ki, əməkdar artist, tanınmış florist-rəssam Suğra Bağırzadə Moderator.az-ın suallarını cavablandırıb.
- Suğra xanım, sizi öncə BMT tərəfindən təltif edilmiş medala görə təbrik edirəm. İstərdim elə söhbətimizə də bu medaldan danışmaqla başlayaq.
- Çox sağ olun, təbrikinizə görə təşəkkür edirəm. Bu medal 2009-cü ildə təsis edilib və ildə bir sənətçiyə verilir. "Leonardo Da Vinci" medalı BMT-nin İctimai Mükafatlar Şurası tərəfindən mənə təqdim edilib. Bu medalı türk dünyasından alan ilk sənətçiyəm. Türkiyə, türk dünyası hər zaman mənə qarşı böyük diqqət və qayğı göstərib. Onlar məni bundan öncə də bir neçə fəxri ad və diplomla təltif ediblər. Düşünürəm ki, bu da mənim əl işlərimin gözəl və baxımlı olması ilə bağlıdır. Çünki bu işlərin dünyada analoqu yoxdur.
- Florist kimi həqiqətən də işlərinizin analoqu yoxdur. Güllərlə, bitkilərlə dostluq etmək çətin deyil ki?
- Xeyr, mən güllərlə, çiçəklərlə, bitkilərlərlə dostluq etməyi bacarıram. Hətta deyərdim ki, onlar da gülümsəyə, ağlaya bilir. Biz əgər güllərə qulluq etməsək əlbəttə ki, o solacaq və ağlayacaq. Gözəl qulluq etsək isə üzümüzə güləcək. Onlar da axı bizim kimi canlılardır. Mən evimdəki güllərlə, bitkilərlə söhbət edirəm, tez-tez torpaqlarını dəyişirəm, su verirəm. Məni yaşadan da bunlardır.
- Nə vaxt qərara aldınız ki, florist olmalısınız?
- Mən uşaq yaşlarından böyük səhnələrdə çıxış edirdim. Hətta Moskvada Böyük Teatrın səhnəsində "Cücələrim" mahnısını həm rus, həm də öz dilimizdə ifa etmişəm. Hər zaman mənə gül dəstələri hədiyyə olunurdu. Həmin güllər az bir zaman keçəndən sonra solurdu. Düşündüm ki, güllərə yeni bir həyat bəxş edib, onları yaşadım. Mənim anamın da evdə dibçək gülləri var idi, o da çiçəkləri sevirdi. Elə o zamandan güllərlə dostluq edirəm. İlk işim təbii ki, o qədər də professional deyildi, az bir müddət keçəndən sonra isə əl işlərim dünya sərgilərinə çıxdı.
- Siz həm aktrisa, həm də florist kimi məşhurlaşdınız. Hansı sənət sahəsi sizə daha yaxındır?
- Mən mühəndisliyi bitirmişəm və hər zaman da bu peşəmə sadiq qalmışam. O vaxt kinostudiyada növbə rəisi işləyirdim. Ara-sıra filmlərə də dəvət gəlirdi, çəkilirdim də. Filmlərə çəkiləndə digər növbə rəisi məni əvəz edirdi. Amma elə filmlər seçirdim ki, böyük rollar olmasın, vaxtımı çox almasın, Azərbaycanda çəkilsin.
- İlk böyük obrazınız hansı filmdə olub?
- İlk obrazım "Ulduz" filmindəki Yetərdir. Filmin rejissoru Ağarza Quliyev, operatoru isə Y. Fogerman idi. Mən Moskvada "Cücələrim" mahnısını ifa edəndə bu səhnələri Fogerman lentə almışdı. O "Ulduz" filminin operatoru kimi Bakıya dəvət olunur və gələndə deyir ki, mənə Suğranı göstərin, görüm o xanım böyüyüb necə qız olub? Mən gəlib onunla görüşəndə dedi ki, səni Yetər obrazına çəkəcəyik. Ağarza Quliyev dedi ki, qızın qulağını doldurma, mən bu filmə böyük sənətkarları çəkəcəyəm, onun üçün çətin olar. Amma Fogerman təkid etdi və məni də kastinqə dəvət etdilər. Fogerman hətta mənə demişdi ki, kastinqə gələndə dikdaban ayaqqabı geyin, saçını yuxarı qaldır, özünü böyük qız kimi göstər. Mən də elə etdim.
- Filmdən hansı xatirələr yadınızda qalıb?
- O qədər böyük xatirələr mənimlə yaşayır ki. Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov kimi sənətkarlarla çəkilmək mənim üçün həqiqətən də böyük bir şərəf idi. Mənə öz övladları kimi münasibət göstərirdilər. Biz Astarada çəkilirdik. Film həm rus, həm də Azərbaycan dilində çəkilirdi. Lütfəli müəllim məni çağırırdı ki, gəl Nəsibə xanımla oynayanda bizə replika ver. Hər şey indiyə qədər gözümün qarşısındadır. Allah o sənətkarlara rəhmət etsin! Onu da deyim ki, mən uşaqlıqdan kinoları səsləndirmişəm. Hətta yadıma gəlir ki, böyük aktyorumuz Ələsgər Ələkbərovla bir filmi yazırdıq. O qədər balaca idim ki, qutuların üstündə çıxıb oturmuşdum ki, boyum mikrofona çatsın. Ələsgər müəllim məndən soruşurdu ki, səhər yemək yeyib gəlmisən? Uşaq idim də, 7-8 yaşım var idi. Yeyəndə deyirdim ki, hə, yemişəm, yeməyəndə isə deyirdim ki, xeyr, yeməmişəm. O dəqiqə deyirdi ki, aparın bu uşağa yemək verin, sonra səs yazmaya gətirin (gülür).
- Suğra xanım, filmlərə bu gün dəvətlər gəlir?
- Əlbəttə ki, dəvətlər hər zaman olur, amma mən seçirəm. Çünki hər filmdə və serialda da çəkilə bilmərəm. Son illər ana, nənə obrazları oynayıram. 2020-ci ildə müharibənin acılarını özündə əks etdirən gənc rejissor Fərid bəyin "Şərəf məktubu" adlı qısametrajlı filmində çəkildim. İnanın bu filmin əks-sədası bütün Azərbaycana yayıldı. Mən burada şəhid anasının obrazını yaratmışdım. Qızlarıma zəng edib deyirdilər ki, sizin evdə salamatçılıqdır? Qızlarım da deyirdi ki, hər şey yaxşıdır, bu sadəcə anamın obrazıdır. Demək ki, obrazımla insanlara təsir etməyi bacarmışdım.