Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2022 13:12
Ermənistan prezidenti Armen Sərkisanın qəfil istefasının səbəbləri əslində onun bəyanatında göstərildiyi kimi, prezident səlahiyyətlərinin azlığı və ya ölkənin düçar olduğu böhran deyil. Əsl səbəb onun Sakit Okeandakı kiçik ada dövlətindəki sirrinin araşdırmaçı jurnalistlər tərəfindən üzə çıxarılması ola bilər.
Milli..Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda hetq.am nəşri yazır. "Prezident Armen Sərkisyan öz bəyanatında istefasının bir neçə səbəblərini göstərib, amma hesab edirik ki, bu səbəblərin onun istefası ilə çox az əlaqəsi var. Fikrimizcə istefanın səbəbi birdir-o, ən azından prezident olana qədər başqa ölkənin vətəndaşı olub", -erməni nəşri yazır.
Məlum olur ki, Sərkisyanın bu sirrini Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) üzə çıxarıb. Təşkilat onun başqa ölkənin vətəndaşı olduğu barədə məlumata malik olduğunu bildirib və Sərkisyana sorğu göndərib. Sərkisyan sübut tələb edib. Həmin ölkə isə Armen Sərkisanın prezident olana qədər vətəndaşlığını daşıdığı Böyük Britaniya deyildi. O, Karib dənizindəki kiçik ada dövləti Sent-Kits və Nevisin vətəndaşı idi. Araşdırmaçı jurnalistlərlə Sərkisyan arasındakı yazışmalarda onun həmin ölkənin pasportunu daşıdığı təsdiqlənib. Bildirilir ki, OCCRP hələ araşdırma üzərində işləyir və bu səbəbdən onun tam məzmununu dərc etmək mümkün deyil.
Bununla belə yanvarın 23-də istefa bəyanatı verməzdən əvvəl Sərkisyan Sent-Kits və Nevis vətəndaşı olması barədə bəzi suallara cavab verib. Həmin vaxt o, Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə idi. Oradan isə Sərkisyan "səhhəti ilə bağlı" məzuniyyətə çıxıb və Ermənistana qayıtmadan istefasını elan edib.
Sərkisyan ada dövlətinin vətəndaşı olduğu barədə sübutlar tələb edəndə jurnalist onun pasportunun surətini göndərib. Yazışmalar zamanı Ermənistan prezidenti təsdiq edib ki, vəzifəyə seçilməzdən əvvəl bu ada dövlətində otel biznesi var idi. Və 2013-cü ildə Ermənistanın Böyük Britaniyada səfiri təyin olunanda həmin biznesini ailə üzvlərindən birinə verib.
Sent-Kits və Nevisdə investisiyaların əvəzində vətəndaşlıq verilməsi proqramı var və Sərkisyan deyir ki, o özü də bilmədən həmin proqramın iştirakçısı olub. "Mənim məqsədim investisiya yatırmaq idi və pasport mənə maraqlı deyildi", - o bildirir. İddia edir ki, 2013-cü ildə səfir təyin ediləndə öz hüquqşunasına Sent-Kits və Nevis dövlətinin pasportunu geri qaytarmağı tapşırıb.
Amma Sərkisyanın versiyasına görə, 2017-ci ildə ona Ermənistan prezidenti olmağı təklif edəndə məlum olub ki, pasportu qaytarmaq barədə tapşırığı yerinə yetirilməyib. Məlum olub ki, Sərkisyanın vətəndaşlığının ləğv edilməsi məsələləri ilə məşğul olmalı olan adam (onun hüquqşünası deyil) vəfat edib. Bundan sonra Sərkisan həmin adamın eyni şirkətdə işləyən oğluna məktub yazaraq situasiyanı izah edib və xahişini təkrarlayıb.
Lakin fakt budur ki, Sərkisyan Sent-Kits və Nevis vətəndaşlığından imtina edilməsi prosesini 2018-ci ilin martından gec olmayaraq başladıb. Həmin vaxt isə o artıq Ermənistanın prezidenti idi. Bu isə o deməkdir ki, prezident olarkən ikili vətəndaşlığa malik olan Sərkisyanın imzaladığı bütün sərəncamlar və qanunlar, o cümlədən Nikol Paşinyanın baş nazir təyin edilməsi də qanunsuz olub. Çünki konstitusiyaya görə Sərkisyan ikili vətəndaşlığa malik olduğu üçün prezident seçilə bilməzdi.
Sərkisyan isə deyir ki, o vətəndaşlığın dondurulması və pasportunun ləğv edilməsi barədə müraciət etdiyi üçün özünü həmin ölkənin vətəndaşı saymır. Lakin belə görünür ki, o Ermənistana qayıtmayacaq, çünki sənədləri saxtalaşdırmaq ittihamı ilə mühakimə oluna bilər...