Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2022 19:10
Bolqarıstanın "Bulgargaz" şirkətinin Direktorlar Şurasının üzvləri tam tərkibdə vəzifədən azad edilib. Bu barədə Bolqarıstan Enerji Holdinqinin apardığı yoxlamalar nəticəsində qərar qəbul edilib.
Bolqarıstan KİV-lərinin xəbərlərinə görə, "Bulgargaz"ın Direktorlar Şurasından Nikolay Pavlov, Svetoslav Delçev, Diana Boneva, İliyana Dukova və Nikolay Donçev kənarlaşdırılıblar. Şirkətin yeni direktoru vəzifəsinə Lyudmil Yotsov, Direktorlar Şurasının sədri vəzifəsinə isə İvan Topçiyski təyin olunub.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu qərar Bolqarıstan xüsusi xidmət orqanlarının şiirkətdə başladığı yoxlamaların ardınca qəbul edilib. Xəbər verildiyi kimi, son vaxtlar "Bulgargaz" şirkətində Azərbaycanla da əlaqəli olan bir sıra qalmaqallar baş qaldırmışdı. Əvvəlcə şirkətin rəhbərliyi ölkənin xüsusi xidmət orqanlarına müraciət edərək bildirmişdi ki, "Qazprom"un maraqlarını müdafiə edən adamlar 2013-cü ildə Azərbaycanla "Bulgargaz" arasında imzalanmış və ildə 1 milyard kubmetr "Şahdəniz" qazının Bolqarıstana təchizatını nəzərdə tutan müqavilədən məxfi məlumatları sızdırıb. Nəticədə Azərbaycan tərəfi bundan bərk qəzəblənib və müqaviləni pozmaqla hədələyir.
Ardınca Bolqarıstanın energetika naziri Aleksandr Nikolov bildirmişdi ki, "Bulgargaz" istehlakçıların maraqlarına zərbə vurur. Belə ki, Azərbaycandan həmin 1 milyard kubmetr qazın təxminən üçdə birini ucuz qiymətə alaraq qonşu Rumıniyaya satır, əvəzində istehlakçılara bahalı Rusiya qazını verir. Belə ki, Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəməri IGB hələ tikilib başa çatdırılmadığından Azərbaycan qazını tam həcmdə Bolqarıstana nəql etmək mümkün deyil. Həmin həcmin təxminən üçdə biri Rusiya qazını nəql edən kəmərlə revers rejimində ölkəyə çatdırılır.
IGB qaz kəmərinin tikintisini isə yunan tərəfi illərdir ləngidir və iddialara görə Bolqarıstanın bundan əvvəlki hökumətinin rəhbərliyi də bu işdə maraqlı olub. Çünki Azərbaycan qazının tam həcmdə Bolqarıstana daxil olması bu ölkənin Rusiya qazından asılılığını azalda bilər.
Bütün bu iddiaların ardınca xüsusi xidmət orqanları və polis "Bulgargaz"ın ofisində yoxamalara başlamışdı.