Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2022 19:20
Elm-texnologiya bəşəriyyətə nə qədər yeniliklər gətirsə də, tarixi əsrlərə söykənən kitab oxumaq ehtiyacı öz aktuallığını itirmir. Bugün əməkdaşlarımız Milli Kitabxanada olublar və oxucuların təəssüratlarını öyrəniblər. Görəsən daha çox hansı kitablar oxunur ?
Koronavirus pandemiyası səbəbindən uzun müddət oxucuların kitabxanalara daxil olması məhdudlaşdırılmışdı. Karantin qaydalarının yumşaldılmasından sonra artıq bu elm məbədlərinə axın edənlərin sayı artıb.
Ali məktəblərdə semestr imtahanlarına hazırlaşan tələbələr bu günlərdə vaxtlarını daha çox kitabxanalarda keçirirlər. Görüntülər Milli Kitabxanadandır.
Türkiyədə təhsil alan Bəxtiyar Bağırov adlı tələbə Bakıda olduğu istirahət günlərində kitabxanada bir neçə saat keçirdiyini, daha çox bədii ədəbiyyat nümunələri oxuduğunu deyir.
4-cü kurs tələbəsi olan bu xanım isə, dünya ədəbiyyatı nümunələrini ingilis dilində mütaliə etmək üçün kitabxanaya gəldiyini bildirir. Məhz burada bir çox əsərləri həm orijinalından oxumaq imkanı əldə edir, həm də ingilis dilini təkmilləşdirə bilir.
Milli Kitabxananın şöbə müdiri Könül Kərimovanın sözlərinə görə oxucuların böyük hissəsi ana dilində olan kitabları oxumağa üstünlük verir.
Könül Kərimova qeyd edib ki, pandemiyadan əvvəl gündəlik oxucu sayı 1000-i keçirdisə, hazırda bu rəqəm 400-500-dən bir qədər çoxdur. Buna səbəb pandemiya qaydalarına uyğun olaraq, zalın oxucu limitinin məhdudlaşdırılmasıdır. Digər səbəb isə kitabxanaların bir müddət onlayn qaydada fəaliyyət göstərməsi və bu səbəbdən də oxucuların müəyyən hissəsinin mütailəni onlayn şəkildə davam etdirməsidir.