Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəzirlərə nəzarət güclənir - Dəyişiklik nəyi dəyişəcək?

Nəzirlərə nəzarət güclənir - Dəyişiklik nəyi dəyişəcək?

Tarix: 1 Fevral 2022 22:28

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək. Həmçinin İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimləri Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilməklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təyin olunacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Dini etiqad azadlığı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur.

Qanunun 18-ci maddəsinə edilən əlavəyə görə isə, ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan müəyyən edir. Həmçinin müasir çağırışlara uyğun olaraq, dini qurumların ianələri yalnız ənənəvi üsullarla deyil, bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edilə bilər.

Maraqlıdır, "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik hansı zərurətdən gündəmə gəldi?

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov hazırda din sahəsində müxtəlif proseslərin getdiyini deyib.

Deputat bildirib ki, hər bir ölkə öz təhlükəsizliyini təmin etməyə çalışır: "Dünya təcrübəsinə baxanda bir çox ölkələrdə din xadimlərini dövlət özü təyin edir. Qardaş Türkiyənin timsalında belə nümunələr var. Azərbaycanda da din xadimlərinin fəaliyyəti ilə bağlı zaman-zaman müxtəlif müzakirələrin getdiyinə şahid olmuşuq. Burada əsas məqsəd ondan ibarətdir ki, bu sahədə keyfiyyət və peşəkarlıq artırılsın. Bunu dövlət öz üzərinə götürür. Yəni dövlət özü din xadimlərini seçəcək və onları ibadət yerləri ilə təmin edəcək. Hesab edirəm burada heç bir çətinlik yoxdur. Bu gün Azərbaycan məscidlərində kifayət qədər din xadimləri fəaliyyət göstərir. Onların attestasiyası keçiriləcək. Bundan əlavə, seçilmiş din xadimlərinin içərisində Azərbaycan İlahiyyat İnstitutun da məzunları olacaq. Hesab edirəm ki, dini fəaliyyətlə məşğul olan dini kadrları ciddi təhlil etməliyik, onları nəzarətdən keçirməliyik ki, gəlləcəkdə neqativ hallarla üzləşməyək".

Yığılan ianələrin hesabatlılığının necə təmin olunmasına gəlincə, deputat burada problemin olmadığını deyib: "Burada şəffaf bir sistemdən söhbət gedir. Yaşat Fondu kimi nümunələr var. Texniki və praktik baxımdan heç bir çətinlik yoxdur. Necə ki, bu gün müxtəlif kommunal ödənişlər edirik, ianələr də həmin qaydada edilə bilər. Uzun müddətdir ki, cəmiyyətdə neqativ halların olması ilə bağlı müxtəlif müzakirələr gedirdi. İnsanlar ianə etməkdə tərəddüd edirdi. Dəyişiklik vətəndaşlarımız daha rahat ianə etməsinə imkan verəcək. Ən vacib məsələlərdən biri odur ki, burada şəffaflıq və hesabatlılıq təmin olunacaq. Hətta vətəndaşların ödədikləri vəsaitin hansı istiqamətə yönələcəyini bilməyə imkanı olacaq. Bu mexanizm artıq bir sıra qurumlarda tətbiq olunur. Hesab edirəm ki, bu qayda heç bir çətinlik yaratmayacaq. Bunun konkret sistemini işləyib dəqiq şəkildə həyata keçirmək mümkündür".

Dinşünas Elşad Miri isə bildirib ki, ən şəffaf olmalı olan qurum bu günə qədər heç zaman yığılan nəzirlər və xərclərlə barədə hesabat verməyib: "İanələrin haraya xərclənməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılmasına rast gəlməmişik. Halbuki həmin qurumlar ianə hesabına formalaşır. Həmin ianə də bu gün vergidən azaddır. Nəticə etibarilə hazırda qurumdakı insanlara baxdığımız zaman görürük ki, orta təbəqəli bir azərbaycanlıdan daha yüksək səviyyədə yaşayırlar. Onların bir şəffaflığı yoxdur, ancaq Allahdan, dindən danışırlar. Deməli onlar din bizneslərini Allahla aldadaraq qurublar".

İanələrin onlayn qaydada köçürülməsinə gəlincə, dinşünas bunun yeni bir məsələ olmadığını deyib: "Dünyanın hər yerlərində onlayn qaydada, hətta telefonla ödənişlər həyata keçirmək mümkündür. Amma əsas məsələ toplanan vəsaitlərin hara və necə xərclənəcənməsidir. Əgər bunlar açıqlanarsa və sistemə düşərsə, təbii ki, bu, ancaq alqışlana bilər, insanlarda da güvən, inam yaranar. Hətta təklif edərdim ki, bu məsələnin üzərində bir qədər də çalışılıb ABŞ-dakı kimi sistem tətbiq edilsin. Yəni hansısa bir şirkət, qurum və yaxud dini icmalar, QHT-lər ianə formasında yardım edərsə, onun vergisi tutulsun. Bu, həmin institutların daha da təkmilləşməsinə və inkişafına təkan verər. Ümid edirəm ki, məsələ bu formada həyata keçiriləcək. Faktiki olaraq bu gün Qafqaz Müsəlmanları İdarəsi tarixin rəfində yerini alan bir qurum kimi gündəmə gəlib. Artıq QİM-nin istifadə müddəti bitib".

Elşad Miri deyir ki, yığılan ianələr təhsilə, tələbələrin təhsilin haqqının ödənilməsi kimi məqsədlərə sərf oluna bilər: "Yaxud da hansısa məscid və ya məbədin tikintisinə, təmirinə istifadə oluna bilər. Elan olunmalıdır ki, hansısa bir işin görülməsi üçün lazım olan məbləğin filan qədəri yığılıb, filan qədəri qalıb. Toplanan ianələri bu cür xərcləsələr insanlarda da inam yaranar. Amma tərəfdarıyam ki, insanlar ətraflarında tanıdıqları ehtiyaclı insanlara dəstək olsunlar. Daha sonra isə digər qurumlara yardım etsinlər".


Etiketlər:  Nəzirlərə nəzarət güclənir Dəyişiklik nəyi dəyişəcək


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ