Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2022 20:18
Cumhuriyyət Xalq Partiyasının (CHP) İstanbul millət vəkili Aykut Ərdoğdu iki qardaş ölkəyə qarşı böyük hörmətsizlik edib. Azərbaycan-Türkiyə bir ailə kimi yaşayır. Ona görə də bu cür ittihamlar sadəcə olaraq düşmənləri sevindirə bilər. Belə əsassız iddialar əslində iki qardaş ölkənin bölgədə və qlobal səviyyədə olan nüfuzuna kölgə salmağa yönəlib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.
O qeyd edib ki, CHP-li millət vəkilinin TANAP-la bağlı iddiaları tamamilə yalandır:
"Çünki rəqəmlərin dili hər kəs üçün eynidir. TANAP üçün 6,3 milyard dollar sərmayə qoyulub. Bunun 4,5 milyard dolları Türkiyədə xərclənib. Türk iş adamları böyük gəlir əldə edib. TANAP Türkiyə ərazisində 20 şəhərdən keçir. Bu şəhərlərdə də sosial layihələrə 55 milyon dollar yardım edilib. 2018-ci ildən bu günə qədər Türkiyə daşınma ilə bağlı 2 milyard 26 milyon dollar gəlir əldə etdi. Həmçinin TANAP layihəsi Türkiyənin Qərb bölgəsini qaz təchizatı ilə təmin etmək üçün həyata keçirilən proyektdir. Bu layihənin icraya başlanması ilə birlikdə Türkiyənin Şahdəniz qaz qatağındakı payı 9 faizdən, 19 faizə yüksəlib. Ayrıca olaraq Türkiyənin Tanapdakı payı da 30 faiz həcmindədir. Millət vəkili A.Ərdoğdu NABUCCO ilə TANAP-ı müqayisə edir. Bu da gülünc bir yanaşmadır. NABUCCO layihəsində Türkiyə altıda bir səvviyəsində paya sahibdir. Bunu da millət vəkilinin bilməsi vacibdir. Onun "PETKİM" məsələsindəki iddiaları da əsassızdır. 2008-ci ildə açıq tenderlə Azərbaycan 2 milyard 40 milyon dollara "PETKİM"in böyük hissəsini satın alıb. Bu da tamamilə şəffaf olan bir prosesdir".
Sabiq səfir ötən gün A.Ərdoğdunun atdığı tvitter mesajı ilə onun da SOCAR idarə heyətində yer aldığını iddia etdiyini yöyləyib:
"SOCAR bir Azərbaycan şirkətidir. Həmçinin mən 10 il öncə Azərbaycanda səfir deyildim. Sadəcə olaraq mən "PETKİM"in idarə heyətində bir vəzifə daşımışam. 7 il öncə də bu vəzifəm başa çatıb. Ona görə də, "PETKİM"də Bakıda səfir olarkən vəzifə tutmamışam. Bu baxımdan da A.Ərdoğdunun bütün bu iddialarının sadəcə yalandan ibarət olduğu ortaya çıxır. Amma belə bir yalan iddiaların önəmli bir dönəmdə ortaya atılması də düşünülmüş addımdır. Digər bir CHP-li Ünal Çeviköz II Qarabağ müharibəsi başlayanda əsassız iddialarla çıxış edirdi. CHP-dən gələn ikinci bir ittiham isə Şuşa Bəyannaməsinin Türkiyə Böyük Millət Məclisində müzakirə edildiyi bir dövrdə ortaya atılması da təsadüf deyil. Çünki Şuşa Bəyannaməsi Azərbaycan Türkiyə birliyinin rəsmi təsdiqidir".
Hulusi Kılıç bildirib ki, siyasətçi bu cür məsələlərdə açıqlamalarına diqqət etməlidir:
"CHP olaraq Azərbaycandan üzr istənilməsi tövsiyə olunur. Azərbaycan XİN-nin açıqlaması belə iddialarda olanlara tərs şillə oldu. Əfsuslar olsun ki, CHP-nin belə bir mövqedən çıxış etməsi ilk deyil. Lakin bu cəhdlərin heç bir perspektivi yoxdur. Azərbaycan Türkiyə əlaqələrinə ermənipərəst qüvvələrin kölgə salmaq niyyətləri baş tutmayacaq. Haqlı olaraq Azərbaycan tərəfi CHP-dən üzr istənilməsini gözləyir. Əks təqdirdə bu məsələnin hüquqi müstəviyə aparılması da mümkün ola bilər".