Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2022 20:14
Artıq bir neçə gündür sosial şəbəkədə "Netflix"in lentə aldığı "Tinder fırıldaqçısı" sənədli filminin qəhrəmanı müzakirə olunur.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ekran işində xanımlar əslən İsraildən olan gəncin onları necə aldatmasından danışıb. O, özünü milyarder Lva Levaevin övladı kimi təqdim edib və qadınlardan pul alıb.
İsrailin kiçik bir şəhərində yaşayan Şimon Yequda Hayut özünü holdinqlər, investorlar sahibinin oğlu Saymon Levaev kimi təqdim edib. Levaevin əslində doqquz övladı var. Dələduzla tanış olan qızların isə milyarderi araşdırmaq heç ağlına gəlməyib. Saxta Saymon instaqram səhifəsi açıb, orada bahalı həyat yaşaması ilə bağlı fotolar yayımlayıb. Onun şəkillərində bahalı brenddən olan geyimlər, aksessuarlar, məkanlar görmək mümkün olub.
Hayut qızlarla "Tinder" tanışlıq proqramı vasitəsilə tanış olub, görüş təyin edib və müxtəlif yollarla onlardan pul almağa başlayıb. O bildirib ki, ailəsinin məşğul olduğu almaz biznesində qarışıqlıqlar var və onun həyatı təhlükə altında ola bilər. O, qızlara kömək üçün müraciət edir və geri qaytaracağına söz verir. Bəzən fırıldaqçı başqa ölkəyə gedir və oradan yeni qurbanlar tapır.
Bir çox xanım hətta onun üçün kredit belə götürüb. Burada minlərlə dollardan söhbət gedib. Hətta bir qadın sevgilisi üçün 250 min dollar pul toplayıb. Amerika mediasının yazdığına görə fırıldaqçı müxtəlif ölkədəki xanımlardan ümumilikdə 10 milyon dollar alıb.
Felisi Morrisin filminin qəhrəmanı Pernilla Şeholm, Sesiliya Fellhoy və Eylin Şarlotta olub. Onun qurbanı olan qadınların sayı çox olsa da, sənədli filmdə 3 qadın çıxış edib. Hayutun özü isə müsahibə verməkdən imtina edib.
İsrailin hüquq mühafizə orqanlarına Hayutun dələduzluqları çoxdan məlum olub. O, 20 yaşından dələduzluğa başlayıb, polis onu saxlayıb. 2011-ci ildə isə saxta pasportla polisdən qaçaraq İordaniyaya keçib və oradan Avropaya qaçıb. Onun dələduzluqları çoxalandan sonra isə Avropada da axtarışa verilib. 2019-cu ildə onu Yunanıstanda tutmaq mümkün olub. Hayut İsrail polisinə təhvil verilib. Ona burada 15 ay həbs və 45 min dollar təzminat ödəmə cəzası verilib. 2021-ci ilin mayında o, azadlığa çıxıb. Fırıldaqçının tez buraxılmasına səbəb pandemiya ərəfəsində həbsxanada olan bir çox insana amnistiya olub. O, qadınların ona qarşı olan ittihamlarını rədd edir və bunu onların uydurması adlandırıb.
Hazırda Hayut azadlıqda yaşayır.