Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Torpağa basdırılan milyardlar: Azərbaycanda tullantı biznesi niyə inkişaf edə bilmir?

Torpağa basdırılan milyardlar: Azərbaycanda tullantı biznesi niyə inkişaf edə bilmir?

Tarix: 19 Fevral 2022 09:56

Dünyada tullantılardan milyardlarla dollar gəlir əldə olunduğu heç kimə sirr deyil. Xüsusilə inkişaf etmiş ölkələrdə zibilin toplanması, xüsusi müəssisələrdə çeşidlənməsi, utilizasiyası ilə böyük bir biznes şəbəkəsi məşğul olur və nəhəng gəlirlər əldə edir.

Rəsmi statistikaya əsasən 2020-ci ildə Azərbaycanda 3 milyon 486,5 min ton və ya əvvəlki illə müqayisədə 6,4 faiz çox tullantı əmələ gəlib ki, onun da 67,4 faizini bərk məişət tullantıları, 32,6 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib. Yaranmış 2 milyon 350,0 min ton bərk məişət tullantılarının 74,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 25,0 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi isə ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 200,6 milyon kVt saat və ya 2019-cu illə müqayisədə 2,4 faiz  çox elektrik enerjisi istehsal edilib.

Əksər ekspertlər hesab edirlər ki, rəsmi statistika Azərbaycanda yaranan tullantıların real həcmini ifadə etmir. Belə ki, rayonlarda - kəndlərdə tullantıların toplanması işi vahid mərkəzdən idarə olunmur. İnsanlar tullantıları özləri qazdıqları çalalara basdırır, yaxud nəzarətsiz ərazilərə tökürlər. Buna görə də rəsmi statistika bu tullantıların hamısını qeydə ala bilmir.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, bölgələrdə özbaşına atılan tullantılar böyük problemlər yaratmaqdadır: "Ölkənin bütün bölgələri tullantılar içərisində boğulur - hətta Sumqayıt kimi iri şəhər belə. Son 20 ildə güc-bəla ilə Bakıda (Balaxanıda) tullantıları emal edən madar bir təsis qurmuşuq. Öyünə bildiyimiz də tək elə odur. Amma Türkiyədə təxminən 100 belə emal müəssisəsi var - hamısı da bələdiyyələrin işlətməsində. Bu müəssisələr yalnız ekologiyanı təmizliyinə xidmət etmir, həmçinin ölkənin enerji sistemin də böyük qatqı verirlər. Təkcə İstanbulda 600 min insanın elektrik enerjisi tələbatı tullantı emalı müəssisələrində alınan elektrik hesabına qarşılanır".

Ekspert qeyd edir ki, tullantıların toplanmasında və ondan səmərəli istifadənin təmin olunmasında yerli özünü idarəetmə qurumları vacib rol oynayır: "Azərbaycanda yerli özünüidarə güclənməyə, yerli inkişaf problemləri onların səlahiyyətinə keçməyənə qədər tullantıllar bizi boğacaq - xüsusən kəndlərdə".

Qeyd edək, Azərbaycanda yeganə zibilyandırma zavodu Dünya Bankı ilə dövlətin birgə maliyyələşdirdiyi layihə əsasında 2012-ci ildə istifadəyə verilib. Zavodun tabe olduğu "Təmiz Şəhər" ASC tərəfindən Bakı şəhərində il ərzində 750-800 min tona qədər tullantı qəbul edilir. Qəbul edilən tullantılar çeşidləndikdən sonra təkrar emala yararlı kütlə ayrılaraq Balaxanı Sənaye Parkına və digər istehsal müəssisələrinə göndərilir. Çeşidləmə prosesindən sonra ayrılmış istehsala yararsız, amma yanmağa yararlı qalan hissə isə Bakı bərk məişət tullantılarının yandırılması zavodunda yandırılaraq elektrik enerjisi əldə edilir. Təkrar emal və istehsala yararsız, qabaritli tullantılar isə Balaxanı şəhər tullantılarının zərəsizləşdirilməsi poliqonunda basdırılır.

Qeyd edək ki, zavod istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Dördüncü nəsil (4G) texnologiyaların tətbiq edildiyi bu zavod ətraf mühitin mühafizəsi sahəsində Avropa Birliyinin ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub. Rəsmi məlumata əsasən zavod fəaliyyətə başlayandan 2021-ci ilin sonuna kimi 4 milyon tondan çox tullantı zərərsizləşdirilib, nəticədə 1 milyard 586 milyon 394 min Kvt/saat elektrik enerjisi istehsal edilib.

2012-ci ildə həmçinin "Təmiz Şəhər" ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu istifadəyə verilib. Alman texnologiyası əsasında qurulan zavod il ərzində 200 min ton tullantı qəbul etmək gücündədir. Ərazidə yaradılan və tullantıların təkrar emalı ilə məşğul olan müəssisələrin fəaliyyət göstərdiyi Balaxanı Sənaye Parkının hazırda 23 rezidenti (26 fəaliyyət sahəsi üzrə) qeydiyyata alınıb. 16 rezident artıq fəaliyyətə başlayı , digərləri isə istehsalat sahələrinin quraşdırılmasını davam etdirirlər.

Aydın məsələdir ki, bir tullantı çeşidləyən, bir yandıran zavodla nəinki Azərbaycanda, heç Bakının özündə tullantı problemini həll etmək mümkün deyil. Belə ki, hesablamalara görə, il ərzində Bakı şəhəri ərazisində 1,2 milyon tona qədər bərk məişət tullantısı əmələ gəlir və bu tullantıların cəmi 770 min tona qədəri "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilir. Qalan tullantılar isə qanunsuz fəaliyyət göstərən poliqonlara atılır. Bakı şəhərində ətraf mühitin mühafizəsi və sanitar təmizliyi məqsədi ilə  "Təmiz Şəhər" ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  nümayəndələrinin birgə işçi qrupu fəaliyyət göstərir. İşçi qrup Bakı şəhəri ərazisində qanunsuz tullantı poliqonlarında reydlər aparır. Qrupun fəaliyyəti nəticəsində 2010-cu ilin yanvar ayından 2021-ci ilin iyul ayının sonunadək 170 qeyri-qanuni tullantı sahəsi təmizlənmiş və həmin sahələrdən 845 min tondan artıq tullantı zərərsizləşdirilməsi üçün "TəmizŞəhər" ASC-nin müvafiq təsərrüfat sahələrinə daşınıb.

Milli.Az


Etiketlər:  Torpağa basdırılan milyardlar Azərbaycanda tullantı biznesi niyə inkişaf edə bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ