Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çox istərdim ki, açıq-saçıq səhnələr insanlarda ikrar hissi oyatmasın''- azərbaycanlı aktrisa

''Çox istərdim ki, açıq-saçıq səhnələr insanlarda ikrar hissi oyatmasın''- azərbaycanlı aktrisa

Tarix: 21 Fevral 2022 19:45

Sonxeber.net tanınmış və sevilən aktrisa Zemfira Əbdülsəmədova moderator.az-a verdiyi müsahibəni təqdim edir.
 
- Zemfira xanım, istər teatrda, istərsə də kinoda hansı halda roldan imtina edə bilərsiniz?
 
- Emosional yükündən, janrından asılı olmayaraq bütün obrazları ifa edə bilərəm. Amma o obraz mənim yaşıma, statusuma  uyğun deyilsə və ən əsası ssenari zəifliyi və ya rejissor faktoru  baxımından özümü o rolda görmürəmsə yalnız o halda imtina edirəm.
 
- İmtina etdiyiniz obraz olub?
 
- Bir neçə özəl  komediya janrında filmlər olub ki, ssenarisi məni qane etməyib. Kriminal janrda olan bir seriala çəkilirdim, obrazın xarakteri mənim düşüncə tərzimə heç uyğun gəlmədiyi üçün davamına çəkilməkdən imtina etdim. Bəlkə də çəkilərdim, amma bu janrda çəkilən filmdə o həyatı əks etdirən epizodlar dəqiq çəkilməlidir. Məsələn, real məkan, geyimlər, istifadə olunan atributlar uyğun olmalı, texniki tərəfdən mükəmməl təqdimat olmalıdır. Burada rejissor və ssenari problemi deyil. Sadəcə belə işlərə kifayət qədər pul xərclənməlidir.
 
- Zemfira xanım, sizcə bizdə açıq-saçıq, kriminal səhnələri lazımı səviyyədə çəkilir? Niyə açıq-saçıq səhnə deyəndə rejissor mütləq obrazı açıq-saçıq göstərir?
 
- Bir neçə film və serial istisna olmaqla indi çəkilən əksəriyyət film və seriallarda kriminal və açıq-saçıq səhnələr lazımı səviyyədə çəkilmir. Dediyim kimi, maddi yatırım kifayət qədər ayrılmadığı üçün keyfiyyət aşağıdır. Bəzən isə əksinə olur, pul ayrılır, amma tamaşaçı izləmir. Bir misal çəkim, kriminal mövzusunda bir neçə ilə öncə bir serial çəkilmişdi. Rejissoru Sain Qəhrəman idi. Polis idarəsi üçün xüsusi bir məkan ayrılmışdı və hətta o məkanda idarəni xatırladan bütün atributları ilə, bir neçə otaq tikilmişdi. Xüsusi geyimlər alınmışdı, həbsxana kamerlarını xatırladan tikililər qurulmuşdu. Amma təəssüf ki, reytinq aşağı olduğu üçün ssenaristlər hekayənin xəttini dəyişib məişət mövzusuna çevirdilər. Səbəb isə tamaşaçının kriminal mövzusuna marağının bir o qədər də olmaması idi. Bəzən belə də olur. Yaxşı, əgər belə bir fakt varsa o zaman başqa yollar axtarılmalıdır. Digər ifadə vasitələrindən istifadə olunmalıdır ki, sənətçi roldan qaçmasın. Məsələn, çox istərdim ki, açıq-saçıq səhnələr insanlarda ikrar hissi oyatmasın, estetik formada təqdim olunsun. Bu rollar aktyor, aktrisaya təklif olunanda rejissor artıq bədii həlli tapmış olsun. Məsələn, o vaxt Gənclər Teatrında mərhum rejissor Hüseynağa Atakişiyev "Makbet" tamaşasında sevgi səhnəsinin örtük altında elə gözəl səhnə həllini vermişdi ki. Yəni, bu bədii əsərə  yanaşmadan çox asılıdır.
  
-Zemfira xanım, bəzən tamaşaçının adından danışılır ki, tamaşaçı bunu tələb edir, tamaşaçı səviyyədən kənar müğənniləri və verilişləri izləyir, biz də ona görə bunları göstəririk. Tamaşaçı sizcə nə istəyir? Onun adından danışmaq nə dərəcədə düzgündür?
 
-Hər bir insanın zövqü uşaqlıqdan- doğulduğu ailədən, ətraf mühitdən qaynaqlanır. Amma bu zövqü formalaşdırmaq, bəzən dəyişmək, yeniləmək isə telekanalların öhdəsinə düşür. Tamaşaçı hər zaman haqlıdır. Ona gözəl iş təqdim olunarsa o mütləq həmin işi bəyənəcək.
 
- Həyat yoldaşınız da, siz də uzun illərdir teatrda çalışırsınız. Bir-birindən maraqlı obrazlarla səhnədə çıxış etmisiniz. Təəssüfləndirici məqamdır ki, nə sizin, nə də həyat yoldaşınız, aktyor Ədalət Əbdülsəmədovun fəxri adı yoxdur. Bununla bağlı aidiyyatı qurumlara müraciət etmisiniz yoxsa fəxri ad sizlər üçün bir o qədər də önəm daşımır?
 
- Bu sual dəfələrlə bizə ünvanlanıb. Mən hər zaman  düşünmüşəm ki, sevdiyim məsləyimlə məşğulam. Maraqlı rollarım olub, həm teatrda, həm də kinoda çox istedadlı rejissorlarla işləmişəm. Gördüyüm işdən də böyük zövq almışam. Teatr rəhbərliyinin mənə etimadı böyükdür.  Tamaşaçıların alqışı, mənim haqda dedikləri xoş sözlər, şəxsən mənə, sənətimə verdikləri dəyər, qiymət və hörmətləri qarşısında baş əyirəm. Onlar bilsinlər ki, bu sevgi və hörmət qarşılıqlıdır. Fəxri adla bağlı heç bir quruma  müraciət etməmişik. Bilmirəm bu yaxşıdır ya pis. Bəlkə etməliydik, bunu da bilmirəm. Amma onu bilirəm ki, hər bir aktyorun zəhmətinə, illərini verdiyi sənətinə dəyər və qiymət verilsə əlbəttə ki, yaxşı olar. Kim bunu istəməz ki?!


Etiketlər:  Çox istərdim açıq saçıq səhnələr insanlarda ikrar hissi oyatmasın azərbaycanlı aktrisa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ