Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Okeanın ortasında yanan minlərlə “Porsche”, “Lamborghini”, “Bentley”, “Audi”...

Okeanın ortasında yanan minlərlə “Porsche”, “Lamborghini”, “Bentley”, “Audi”...

Tarix: 22 Fevral 2022 21:06

Almaniyadan Kanadaya minlərlə lüks avtomobil aparan, lakin Atlantik okeanı sularında alışıb yanan "Felicity Ace" yük gəmisində bir həftədən çoxdur davam edən yanğını hələ də tam söndürmək mümkün olmayıb, bununla belə yanğın lokallaşdığı bildirilir. virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, gəmidə baş vermiş yanğın nəticəsində Almaniyanın lüks avtomobil istehsalçılarına dəyən ümumi ziyan yarım milyard dollara yaxındır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, "Felicity Ace" adlı yük gəmisi fevralın 10-da Almaniyanın Emden limanından yola çıxıb və ötən gün Kanadanın Rod-Aylend ştatının Davisville bölgəsindəki limana çatmalı idi. Lakin gəminin yük bölməsində fevralın 16-da yanğın başlayıb. 22 heyət üzvü gəmidən təxliyə edilib, yanğını lokallaşdırmaq mümkün olmayıb və alovlar nəhəng gəmini bürüyüb. İdarəetməni itirən gəmi Portuqaliyaya aid Azor adaları sahillərində, okean sularında dalğaların təsiri ilə sürüklənməyə başlayıb.

Portuqaliyanın təhlükəsizlik qüvvələri gəminin heyət üzvlərini təxliyə edəndə gəmi Azor adaları qrupuna daxil olan Terceria adasından 200 dəniz mili məsafədə olub. Xilasetmə əməliyyatına bir vertolyot da cəlb edilib, xəsarət alan olmayıb. Gəminin göyərtəsində 1100 ədəd "Porsche", o cümlədən 189 ədəd lüks "Bentley" avtomobili, habelə çoxsaylı "Audi" və "Lamborghini" avtomobilləri də daxil olmaqla cəmi 4 mindən çox lüks avtomobil olub.

"Bloomberg" agentliyinin məlumatına görə, gəmidəki yanğın "Volkswagen" qrupuna azı 155 milyon dollara başa gələ bilər. Ümumən gəmidə yanan avtomobillərin dəyəri isə 450 milyon dollardan çoxdur. "Volkswagen" şirkətindən başqa digər avtomobil şirkətləri cəmi 246 milyon dollarlıq avtomobil itiriblər.

"Felicity Ace" gəmisi təxminən üç futbol meydançası böyüklüyündədir. Gəminin göyərtəsində elektromobillər də olduğundan yanğını söndürmək daha da çətinləşib. Çünki elektromobillərin akkumulyatorları alışanda onları adi su ilə söndürmək mümkün olmur. Hazırda gəmi Azor adaları sahillərində dreyf etməkdədir. Yanğın görünür o zaman sönəcək ki, gəminin bütün yükü və yanar hissələri yanıb qurtarsın. O zaman isə "Felicity Ace" yanmış dəmir adacıqdan ibarət olacaq. Yanğın tam sönəndən sonra gəminin qalıqlarını Baham adaları istiqamətində çəkib aparmaq nəzərdə tutulur.

Gəminin operatoru olan "Mitsui OSK Lines Ltd" şirkəti bildirib ki, ötən gün iki böyük yedək gəmisi Azor adaları sahillərinə yola düşüb və yanğınsöndürənlərə dəstək vermək üçün gəmiyə su səpməyə başlayacaq. Şirkətin bildirdiyinə görə, xilasedicilər gəminin göyərtəsində yanğınla mübarizə aparırlar, dənizə yanacaq sızması baş verməyib və gəminin batmaq təhlükəsi yoxdur.

Milli.Az


Etiketlər:  Okeanın ortasında yanan minlərlə Porsche Lamborghini Bentley Audi


RƏYLƏR