Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 22:48
Ukraynanın işğal əməliyyatında Rusiyanın qarılaşdığı müqavimət 1939-1940-cı illərin SSRİ-Finlandiya müharibəsini xatırladır. "Qış müharibəsi" də adlanan qeyri-bərabər döyüşdə finlər sovet ordusuna qarşı bu gün Ukraynada gördüyümüz taktikadan istifadə edirdi: geri çəkilir, düşməni mühasirəyə alır, "Molotov kokteyli" ilə tankları yararsız hala salır, əsgərləri qırırdı; "Qış müharibəsi" siyasi baxımdan SSRİ-nin istəyi ilə nəticələnsə də, hərbi baxımdan "pirr qələbəsi" oldu.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Rusiya 82 il sonra Ukraynada eyni hadisələri yaşayır.
Hər iki müharibədə Moskvanın tələbi də bir-birinə bənzəyir: "Qış müharibəsi"nin sonunda Finlandiya masada torpaq itkisi də daxil sovetlərin tələbi olan "neytral status"la razılaşdı; Moskva indi də Kiyevdən torpaq itkisi də daxil olmaqla "neytral status" tələb edir.
Rusların hücum istiqamətlərinə nəzər yetirdikdə Moskvanın hərbi baxımdan maksimal və minima hədəfləri aydın görünür.
Maksimal hədəf Kiyev də daxil olmaqla Dneprin şərq hissəsini işğal etməkdir: hücumun gedişatı buna nail olacaqları ehtimalını azaldır; burada Ukraynanın nə qədər dözmək, Rusiyanın nə qədər müharibə aparmaq gücü həlledici olacaq.
Minimal hədəf Krıma quru yol açmaq, Donbasın "sərhədlərinə" çıxmaq və Qara dənizə çıxışı bağlamaqdır: Krıma quru yolunun açıldığı, Donbasın "sərhədlərinə" çıxdıqları, Mariupolu mühasirəyə aldıqları xəbərləri var; Odessaya hücuma hazırlıq gedir; Kiyev uğrunda döyüşlər Ukrayna ordusunun qüvvələrinin bölünməsinə və işğalçıların cənubda əl-qolunun açılmasına və Moskvanın minimal hədəfinə nail olmasına şərait yaradır.
Rusiya Ukraynanı Finlandiya kimi masaya əyləşdirə biləcəkmi?
Rusların Ukraynada hərbi baxımdan istəklərinə tam nail olacağı böyük ölçüdə inandırıcı deyil və əldə ediləcək istənilən nəticə də "pirr qələbəsi"ndən başqa bir şey olmayacaq. Lakin bu prosesin sonunda Kiyevin Moskvanın şərtləri ilə masaya əyləşib-əyləşməyəcəyi hələ də sual altındadır. Çünki Rusiyanın işğal hücumunu dayandıracaq qüvvə hələ də görünmür, hətta Rusiyaya ağır zərbələr vuran sanksiyalar belə. Putini dayandıra biləcək amil zamandır, vaxt rusların əleyhinə işləyir.