Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın 30-dan çox ölkəsində gücünü göstərən 66 yaşlı xaçmazlı pəhləvan - VİDEO - FOTO

Dünyanın 30-dan çox ölkəsində gücünü göstərən 66 yaşlı xaçmazlı pəhləvan - VİDEO - FOTO

Tarix: 23 Mart 2022 19:04

Pəhləvan Xəlilulla Süleymanov ölkəmizin şimal bölgəsində çox məşhurdur.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 66 yaşlı Xəlilulla Süleymanov ömrünün 50 ilindən çoxunu pəhləvanlığa həsr edib.

Xaçmaz rayonunda el şənliklərinin ən sevimli qonaqlarından olan qocaman pəhləvanın təqdim etdiyi bir-birindən maraqlı nömrələr illər keçsə də, bu gün də tamaşaçıların marağına səbəb olur.

Xəlilulla Süleymanov 1955-ci ildə Qubanın Xaspolad kəndində anadan olub. O, hələ uşaq yaşlarından qeyri-adi bacarığa və fiziki gücə malik idi. Xəlilulla Süleymanov 1973-cü ildən kəndirbaz (sim pəhləvanı), 1982-ci ildən isə pəhləvan kimi fəaliyyət göstərməyə başlayıb. Tədricən respublikamızda məşhurlaşan pəhləvan çox keçmir ki, dünyanın 30-dan çox ölkəsində qastrol səfərlərində uğurla çıxış edir.

"Ölkəmizin ən qocaman pəhləvanlarındanam. 26 il sim pəhləvanı kimi də fəaliyyət göstərmişəm. Kəndirbazlıq üzrə respublika festivallarının qalibi olmuşam. Lakin daha çox güc pəhləvanı kimi tanınmışam. Ölkəmizin demək olar, bütün rayonlarında çıxış etmişəm", - deyə X.Süleymanov söyləyib.

70-ə yaxın yaşı olsa da, Xəlilulla Süleymanov bu gün də 500 kiloqrama qədər daşları bir dəfəyə qaldırır. Təcrübəli pəhləvanın proqramında 30-dan çox nömrə var.

"Hər güclü adamdan pəhləvan olmaz. Bu, çox çətin sənətdir. Avtomobil dartmaq, kürəyimdə daş sındırmaq və başqa sevilən nömrələri illərdir davamlı edirəm. Boynumda 480-500 kiloqram daşla səhnədə oynayıram. Bu, ən sevimli nömrələrimdəndir. Mənim babalarım güclü pəhləvanlar olub. İndi tələbələrim var. Bu el sənətinin sirlərini onlara öyrədirəm", - deyə pəhləvan əlavə edib.

Xəlilulla Süleymanov fiziki gücü imkan verənədək bu el sənətini yaşadacağını, maraqlı nömrələri ilə tamaşaçılar qarşısında çıxış edəcəyini bildirib.


Etiketlər:  Dünyanın çox ölkəsində gücünü göstərən yaşlı xaçmazlı pəhləvan VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ