Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Novorosiyskdəki “qəza” ilə 2008-ci ildə BTC-nin partladılması arasında nə əlaqə var...

Novorosiyskdəki “qəza” ilə 2008-ci ildə BTC-nin partladılması arasında nə əlaqə var...

Tarix: 24 Mart 2022 19:48

Qazaxıstan Rusiyanın Qara dənizdəki Novorosiysk neft terminalında baş vermiş müəmmalı qəzadan sonra öz neftini bazara çıxarmaq imkanlarından məhrum olub və alternativ variantlar axtarır.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, Qazaxıstanın Energetika Nazirliyi Xəzər Boru kəmərləri Konsorsiumunun terminalda "şlanqların dənizdə hökm sürən qasırğa ilə əlaqədar kritik ölçülərdə zədələndiyini" elan etməsindən sonra neftin alternativ marşrutlarla ixracına dair imkanları araşdırır.

"Hazırda nazirlik konsorsiumla dəniz terminalının işinin bərpa edilməsinin müddətinə dair məsləhətləşmələr aparır, eyni zamanda neftin alternativ marşrutlarla  nəqlinin artırılması imkanları nəzərdən keçirilir", - məlumatda deyilir.

Xəbər verildiyi kimi, ötən gün Rusiyanın Energetika Nazirliyi Novorosiyskdə Xəzər Boru kəmərləri Konsorsiumunun dəniz terminalında qəza baş verdiyini açıqlayıb. Bu terminal Qazaxıstan neftinin ilk növbədə Avropa İttifaqı ölkələrinə təchizatını təmin edir. Hansı ki, həmin ölkələr Rusiya neftini almaqdan imtina edirlər. Qərb ölkələrinin Rusiya neftini almaqdan imtina etməsi nəticəsində martın 15-dən 20-nə qədər Rusiya tankerlərə yüklədiyi neftin bir barrelini də sata bilməyib.

Alıcıların Rusiya neftindən uzaq durması nəticəsində hazırda "Urals" markalı Rusiya neftinin qiymətində "Brent" neftinə nisbətən 36 dollardan çox endirim edilir. Belə bir vaxtda Novorosiysk terminalında "hava şəraiti səbəbindən" baş verdiyi iddia edilən qəza sutkada 1,2 milyon barrel Qazaxıstan neftinin bazara çıxarılmasını əngəlləyir və həm neft bazarında gərginliyi artıra, həm Rusiya neftinə tələbatın yenidən artmasına gətirib çıxara bilər.

Xəzər Boru kəmərləri Konsorsiumunun rəhbərliyi bildirib ki, terminalda sıradan çıxmış şlanqların təmiri üçün iki aya qədər vaxt lazım ola bilər. Konsorsiumun baş direktoru Nikolay Qorban bildirib ki, terminal bu gün martın 24-dən etibarən neftin qəbulunu dayandıracaq, çünki rezervuarlarda nefti saxlamağa yer yoxdur. Onun sözlərinə görə, təmir işlərini aparmaq üçün zəruri ehtiyat hissələri var, amma təchizatçılar sanksiyalara görə gələcəkdə belə hissələri verməkdən imtina edirlər.

"Dəniz terminalında neftin yüklənməsi tam dayanıb...Boru kəməri ilə neftin qəbulu davam edir, amma rezervuarların həcmi məhduddur və martın 24-də axşama qədər bütün rezervuarlar dolacaq", - Qorban deyib. O bildirib ki, terminaldan nefti tankerlərə vuran yüksək təzyiq şlanqlarında zədələnmənin miqyasını hələlik müəyyən etmək mümkün olmayıb, çünki güclü qasırğa səbəbindən dalğıclar açıq dənizə çıxa bilmir.

Qazaxıstanın neft yataqlarından Chevron, Exxon Mobil, Eni və Shell şirkətləri tərəfindən hasil olunan neftin 80 faizdən çoxu məhz Novorosiysk terminalından alıcılara çatdırılır.

Qərbin Rusiyaya qarşı sanksiyaları gücləndirdiyi, Rusiya neftindən və qazından imtina variantlarının araşdırıldığı, alıcıların Rusiya neftindən imtina etdiyi bir vaxtda  bu qəza kifayət qədər müəmmalıdır, hətta yüksək ehtimal var ki, qəsdən törədilib. Məqsəd isə Qərbi şantaj edib Rusiyaya qarşı neft embarqosundan çəkindirmək, eyni zamanda bazarda böhran yaratmaqdır.

Qeyd edək ki, 2008-ci ildə Rusiya Gürcüstana qarşı hərbi müdaxiləyə başlayandan bir gün sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyədən keçən hissəsində, Ərzincan yaxınlığındakı nasos stansiyasında güclü partlayış törədilmişdi. Bu partlayışa görə məsuliyyəti əvvəlcə PKK terror təşkilatı öz üzərinə götürsə də sonralar üzə çıxmışdı ki, nasos stansiyasında partlayış kibermüdaxilə yolu ilə törədilib. Belə ki, stansiyanın kompüter sisteminə yeridilən virus xüsusi komanda ilə təzyiqi kəskin artırıb və partlayış baş verib.

Həmin hadisə barədə təxminən yeddi il sonra - 2015-ci ildə "Bloomberg" nəşri geniş sensasion araşdırma dərc etmişdi və araşdırmada deyilirdi ki, partlayışdan bir gün əvvəl nasos stansiyasının yaxınlığında əllərində portativ kompüterlər olan qara paltarlı iki nəfər görünüb. Onların görüntülərini kəmərin infraqırmızı müşahidə sistemi qeydə alıb. GRU diversantları olduqları bildirilən həmin qara paltarlılar nasos stansiyasının kompüterlərinə xüsusi virusu yeridib və casus proqram kəmərdə təzyiqi süni şəkildə kəskin artırıb.

Beş günlük Rusiya-Gürcüstan müharibəsi zamanı habelə BTC-nin Gürcüstandan keçən hissəsinin yaxınlığına, o cümlədən Bakı-Supsa neft kəmərinin yaxınlığına da Rusiya təyyarələri bomba atmışdı.


Etiketlər:  Novorosiyskdəki qəza ilə 2008 ildə partladılması arasında əlaqə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ