Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2022 19:36
Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiya ilə gedən danışıqlar prosesi barədə bəyanat yayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna XİN-in saytında məlumat verilib.
"Bəzi KİV-lər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə danışıqlar prosesi barədə şərhlərinə istinad edir. Ölkəmiz siyasi və humanitar yardımlara, habelə Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa yönəlmiş diplomatik səylərinə görə Türkiyə tərəfinə və xüsusilə də Prezident Ərdoğana səmimi minnətdarlığını bildirir. Eyni zamanda, vəziyyəti obyektiv qiymətləndirmək vacibdir. Türkiyə prezidentinin qeyd etdiyi 4 məqamla bağlı Rusiya ilə konsensus yoxdur. Xüsusilə, Ukrayna dili Ukraynada yeganə dövlət dilidir və dövlət dili olacaq. Ümumiyyətlə, danışıqların əsas mövzularının dörd və ya digər məqamlara təsnifatı düzgün deyil. Nümayəndə heyətlərinin alt qruplarında eyni vaxtda çoxlu müxtəlif məsələlər müzakirə olunur", - deyə Ukrayna XİN rəhbəri bildirib.
Danışıqlar prosesinin çox çətin irəlilədiyini qeyd edən Dmitri Kuleba Ukrayna nümayəndə heyətinin güclü mövqe tutduğunu və tələblərindən geri çəkilmədiyini vurğulayıb: "Biz ilk növbədə atəşkəs, təhlükəsizlik zəmanəti və Ukraynanın ərazi bütövlüyü məsələsində təkid edirik".
Nazir bildirib ki, Ukrayna öz torpaqlarında sülhü bərpa etmək üçün Türkiyə və digər maraqlı tərəflərlə dialoqu davam etdirəcək: "Ümid edirik ki, Türkiyə Ukraynanın dostu və strateji tərəfdaşı kimi bütün istiqamətlərdə dəstəyini davam etdirəcək".
O, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin və Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinin "Rusiya hərbi maşınının dayandırılması və danışıqlarda istənilən irəliləyişin əldə olunmasında" mühüm rol oynadığını deyib.
"Belə üçtərəfli strategiya - sanksiyalar, hərbi dəstək, danışıqlar sual altına qoyulmamalıdır", - ukraynalı nazir qeyd edib.