Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Osetin əsgərləri döyüşməkdən imtina etdi, Ukraynadan qaçdı

Osetin əsgərləri döyüşməkdən imtina etdi, Ukraynadan qaçdı

Tarix: 31 Mart 2022 21:16

Rusiyaya birləşmək üçün referendum keçirməyə hazırlaşan separatçı Cənubi Osetiya bölgəsindəki 4-cü Rusiya hərbi bazasından Ukraynaya aparılmış yüzlərlə osetin əsgəri döyüşməkdən imtina edib və geri qaçıblar.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda osetin bloqer Alik Puxayev özünün Twitter hesabında yazıb. Onun bildirdiyinə görə, 4-cü Rusiya hərbi bazasının əsasən etnik osetinlərdən ibarət olmaqla  300-ə yaxın hərbi qulluqçusu Ukrayna ilə müharibədə iştirak etməkdən "öz istəkləri ilə" imtina edərək evə qayıdıblar.

"Çünki hesab ediblər ki, ruslar onları Ukraynada ölümə atırlar", - bloqer bildirib.

Cənubi Osetiyadan olan əsgərlərin döyüşdən qaçması sosial şəbəkələrdə geniş rezonans doğurub, çoxları onları qorxaqlıqda, fərarilikdə ittiham edib. Separatçı regionun keçmiş "prezidenti" Eduard Kokoyta isə onların müdafiəsinə qalxıb.

"Biz hamımız döyüş əməliyyatları zonasından Osetiyaya evə geri qayıtmış döyüşçülərimiz ətrafındakı situasiyaya görə narahatıq. Heç kimin bu uşaqları qınamaq və ya onları qorxaqlıqda ittiham etmək haqqı yoxdur. Səbəbləri araşdırmaq lazımdır ki, nə baş verib, onların döyüşdə iştirakı hansı formada təşkil edilib. Biz bununla ciddi məşğul olacağıq",-Kokoyta sosial şəbəkə hesabında yazıb.

O əlavə edib ki, yüzlərlə osetiyalı hazırda döyüş əməliyyatları zonasındadır və "öz borclarını qəhrəmancasına yerinə yetirir".

Osetin jurnalist Ruslan Totrov isə bildirir ki, həmin hərbçilər rusların əmrinə tabe olmaqdan imtina edərək dərhal geri qayıdıblar. Xəbərdarlıq ediblər ki, onların yolunu kəsməyə cəhd edən istənilən şəxsə atəş açacaqlar. Qrup maneəsiz olaraq milis konvoynun müşaiyəti altında Cənubi Osetiyaya qayıdıb.

Totrov hərbçilərin döyüşdən imtina etməsinin səbəbini də göstərib. Onun bildirdiyinə görə, "prezident" Anatoli Bibilov osetin əsgərlərinin Rusiya ordusuna qarışmasını tapşırıb, bunun üçün rusiyalı siyasətçi Vladislav Surkovun təsirindən istifadə edib. Nəticədə Ukraynada Cənubi Osetiyadan olan əsgərlər Rusiya ordusunun "ayrılmaz hissəsinə" çevriliblər.

"Sonra isə insident baş verib, az qala komandirlərə atəş açılacaqmış. Komandirlərdən biri osetin əsgərlərinə həlak olan yoldaşlarının meyitlərini döyüş meydanından götürməyi qadağan edib. Bu da əsl üsyana səbəb olub.  Yüzlərlə osetinin Ukraynaya göndərilməsi faktının özü narazılıq alovu yaradıb, çünki respublika hazırda öz əsgərlərinin böyük hissəsini itirib və Gürcüstan üçün çox əlçatan olub...Gözlənilirdi ki, osetinlər Ukrayna ordusunun yaxşı qorunan mövqelərinə cəsarətlə hücum edəcəklər, kamikadze stilində, heç bir düşünülmüş strategiya olmadan. Bu isə böyük itkilərə gətirib çıxarardı. Hansısa məqamda osetin əsgərləri sadəcə olaraq əmrləri yerinə yetirməkdən imtina ediblər və özləri üçün döyüşməyə başlayıblar...Belə qiyamçı və müstəqil davranışın nəticəsi isə iri insident olub: ruslar osetinləri döyüş sursatları və xəritələrlə təchiz etməkdən imtina ediblər",-Totrov bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı Cənubi Osetiyadakı 4-cü Rusiya bazasından formalaşdırılmış batalyon-taktiki qruplaşmalardan birinin döyüşdən imtina etdiyini açıqlamışdı. Rusiyanın Cənubi Osetiyadan 2 minə qədər hərbçini Ukraynaya apardığı məlumdur. Onların bir qismi artıq məhv edilib.

Son məlumata görə isə ötən gün Ukrayna ordusu şərq cəbhəsində gedən döyüşlər zamanı Rusiyanın digər separatçı regionda-Abxaziyada dislokasiya olunmuş 7-ci hərbi bazasının hərbi qulluqçularından ibarət bölmələri məhv edib. Bu barədə "Şərq" operativ-taktiki qruplaşması məlumat yayıb.

Milli.Az


Etiketlər:  Osetin əsgərləri döyüşməkdən imtina etdi Ukraynadan qaçdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ