Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2022 18:08
Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən bağlarda yarpaq dəlikliyi və boz çürümə xəstəliklərinin yayılması riski yaranıb. Bu xəstəliklərin əsasən gilas, şaftalı və nektarin bağlarında yayılması riski var.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bununla bağlı nazirlik tərəfindən hər üç rayon üzrə 2166 fermerə SMS bildiriş göndərilib. Göndərişdə qeyd olunan xəstəliklərin yayılma riski ilə əlaqədar qabaqlayıcı tədbirlər görmək, aqronomlarla məsləhətləşmək tövsiyə olunub.
Qeyd edək ki, boz çürümə xəstəliyinə "Monilia laxa" göbələyi səbəb olur. İlkin əlamətlər çiçək mərhələsində, çiçəklərin büzüşərək quruması və yeni zoğların inkişafdan dayanması kimi müşahidə olunur. İnkişaf etməkdə olan meyvələrin bəzi hissələri isə qəhvəyi-boz rəngdə çürüməyə başlayır.
Yarpaq dəlikliliyi xəsətliyinə "Stigmina carpophila" göbələyi səbəb olur. Xəstəlik tumurcuqlara, yarpaqlara və meyvəyə zərər vurur. Yarpaqlarda ilk başda ləkələr 1 mm böyüklüyündə yuvarlaq və qırmızı-sarı rəngdədir. Daha sonra tündləşən ləkələr quruyaraq tökülür və deşik izlər buraxaraq ağacların fotosintez etmə qabiliyyətini aşağı salır. Meyvə üzərindəki xəstəlik əlamətləri isə kiçik ölçülü, lakin çox sayda dairəvi ləkələrdir.
Xəstəliyin yaz aylarında yayılma riski yüksək olduğu üçün mübarizə üsullarında aqronomlarla məsləhətləşərək təyin olunmuş intervalda dərman səpmək məsləhət görülür.