Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: “Bir fond belə bizə heç bir yardım göstərməyib”

Prezident: “Bir fond belə bizə heç bir yardım göstərməyib”

Tarix: 12 Aprel 2022 23:39

"Ağdam Qafqazın Xirosimasıdır. Bunu mən yox, beynəlxalq mütəxəssislər deyir. Ağdam kimi bütün şəhərlər ermənilər tərəfindən yerlə-yeksan edilib. Biz heç kimdən bir manat almamışıq. Ancaq bu ədalətsizliklə barışmaq da olmaz. Mən hesab edirəm ki, bizim qurumlarımız, hökumət, Prezident Administrasiyası, nazirliklər, hərə öz xətti ilə bu məsələ ilə bağlı gərək ciddi fəaliyyət göstərsin. Yardım göstərmək istəmirlərsə, desinlər ki, biz sizə yardım etməyəcəyik. Biz də işimizi bilək. Yəni, müharibədən təxminən bir il yarım keçibdir. Bir fond belə bizə heç bir yardım göstərməyib".

Sonxeber.net xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib.

"Minaların təmizlənməsi ilə bağlı - müharibədən sonra 200-dən çox insan ya həlak olub, ya da ki, ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq. Maşın, mexanizm almışıq, texnika almışıq, hətta dronlar almışıq ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç olmasa, bu sahədə bizə kömək göstərsinlər. Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar. Bir sözlə, bu mənzərə hər şeyi necə deyərlər, göstərir. Bu ilin üç ayında əldə edilmiş iqtisadi nailiyyətlər əminəm ki, ilin sonuna qədər davam edəcək. Çünki biz görürük ki, buna nail olmaq üçün imkanlar var. Beləliklə, biz bu ili də uğurla başa vuracağıq", - dövlət başçısı əlavə edib.


Etiketlər:  Prezident fond belə bizə heç yardım göstərməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ