Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nərmin Quliyevanın sinif yoldaşları məhkəmədə ifadə verib

Nərmin Quliyevanın sinif yoldaşları məhkəmədə  ifadə verib

Tarix: 14 Aprel 2022 22:26

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən bugünkü iclasda Nərmin Quliyevanın sinif yoldaşları və İlkin Süleymanovun həbsdə olan bibisi oğlu dindirilib.

Nərminlə eyni sinifdə oxumuş Şəxsiyyə Abduyeva ifadəsində deyib ki, Nərmini itkin düşən günü axşamçağı 4-5 arasında əmisigildən çıxanda görüblər:

"Məsğələmiz saat 4-də bitirdi, 4-5 arası da evə gəlirdik. Biz qayıdanda Nərmini əmisigildən çıxan gördük, arxasıncada əmisi Arif dayı çıxdı. Nərminin əlində içi görünməyən torba var idi."

Şəmsiyyə Abdıyeva ilə birgə məşğələdən qayıdan Sevinc Abdullayeva da eyni sözləri deyib. O, da həmin vaxt saat 4-5 arası olduğunu təsdiq edib.

Vurğulayaq ki, bundan əvvəlki proseslərdə ifadə verən Nərminin anası, atası, əmisi arvadı onun əmisigildən saat 14-30 radələrində çıxdığını demişdilər.

Məhkəmədə İlkin Süleymanovun hazırda həbsdə olan bibisi oğlu Zakir Vəliyev də dindirilib.

Şahidin sözlərinə görə, Nərminin itkin olduğu müddətdə dəfələrlə İlkin Süleymanovla birlikdə olublar:

"Dekabrın 16-da İlkinlə birlikdə ciyər axşamında olmuşam. Səhəri günü də toyda olduq. İlkin toyda siyahı yazdığı üçün gecə yazırsına kimi orda qalmışdı. Yanvarın 6-da eşitdim ki, İlkini polislər aparıblar. Ayın 7-də şöbəyə getdim, zirzəmidə İlkinin üstünə qışqırırdılar."

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.


Etiketlər:  Nərmin Quliyevanın sinif yoldaşları məhkəmədə ifadə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ