Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2022 14:16
Özünü xarici ölkələrinin birinin televiziya kanalının əməkdaşı kimi təqdim edən fırıldaqçı serebral iflicdən əziyyət çəkən uşağın müalicəsi üçün yığılan pulu mənimsəyib. Növbəti sujetimizdə biləcəksiniz ki, dələduzlar hansı yolla xəstə uşağın pulunu əldə ediblər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, 5 ildir ki, serebral iflic xəstəliyindən əziyyət çəkən Astara rayonu Ojəkəran kənd sakini Əbdülrəhman Nəhmədzadənin müalicəsi üçün bankların birində hesab nömrəsi açılıb. Uşağın yaxın qohumları və xeyirxah insanlar tərəfindən həmin hesaba müəyyən miqdarda pul yüklənilib ki, o paytaxt xəstəxanalarının birində müalicə ala bilsin. Ancaq iki gün bundan öncə özünü televiziya əməkdaşı kimi təqdim edən Kənan adlı şəxs xarici ölkədəki mobil operatorlardan birinə məxsus nömrə ilə vatsapp üzərindən zəng edərək Əbdülrəhmanın anasına övladının müalicəsi üçün yardım edəcəyini bildirib və bank kartının hər iki üzünün şəklini çəkərək ona göndərilməsini istəyib.
Sonradan məlum olub ki, kartdan 600 manat çıxarılıb. Pulunun hesabdan çıxdığını görən Nigar Kakayeva onunla danışan Kənan adlı şəxslə yenidən əlaqə saxlayıb. Qarşı tərəfin cavabı isə belə olub.
Fırıldaqçılıq yolu ilə xəstə uşağın anasını aldadaraq uşağın müalicəsi üçün yığılan pulu mənimsəyən şəxslə biz də əlaqə saxlamaq istəsək də o zənglərə cavab vermədi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Xəzər Xəbərə bildirildi ki, xanımın müraciəti əsasında Astara Rayon Polis Şöbəsində həmin faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.