Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2022 09:08
Dünya çapında koronavirus əsarətindən qurtulma prosesi getməkdə və genişlənməkdədir. Son 2 ildə həyatı və hərəkətliliyi məhdudlaşdıran, dünyanı evə sığışdıran pandemiya öz qara kölgəsini insanlıqdan çəkməkdədir. Bir sıra ölkələrdə qadağalar aradan qaldırılıb. Azərbaycanda isə koronovirus qadağaları xeyli dərəcədə yumşaldılıb. Lakin bəzi absurd detallar və bunlara uyğun olaraq, cəzalar qalmaqdadır. Onlardan biri də maska məcburiyyəti və buna görə kəsilən cəzalardır.
Yeri gəlmişkən, bir çox dünya ölkələrində artıq maska və vaksin pasportu tələbi artıq yanvar-fevral ayından ləğv olunmağa başlayıb. Bəs Azərbaycanda niyə qadağalar aradan qaldırılmır?
Sonxeber.net xəbər verir ki, koronavirusa yoluxmuş xəstələrin müalicəsində birbaşa iştirak etmiş həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı "Yeni Müsavat"a bunları deyib: "Biz dəfələrlə demişik, maska tələbi aradan qaldırılsın. Təəssüf ki, hələ də bu barədə qərar verilmir. Məqsəd nədir, mən başa düşə bilmirəm. Bir gün öncə yoluxma sayı 3 nəfər olub. Ölüm yoxdur. Mən xəstəxanada işləyirəm. Demək olar ki, bir aydan çoxdur ki, xəstəxanaya hərarəti olan xəstə müraciət etməyib, COVİD-19 əlamətləri ilə müraciət edən yoxdur. Bu qapalı məkanlarda, ictimai nəqliyyatda maska geyinilməsi tələbinin məntiqini anlaya bilmirəm. Yoluxma yox, pandemiya bitib, nədir məqsəd? Niyə insanlara belə zülm olunur, anlamıram. Biz dəfələrlə müraciət etmişik.
Hətta mən deyərdim ki, COVİD-19-a qarşı pasportun tələbi də yersizdir, mənasızdır. Pandemiya bitib artıq. Niyə dünyada ən son biz, bütün ölkələrdən sonra qərar veririk. Bütün ölkələr dəyişir, inkişaf edir, biz hələ qalırıq. Hazırda həm maska, həm də COVİD pasportu tələbinin heç bir məntiqi izahı ola bilməz. Kiminsə əks arqumenti varsa, gəlsin, çıxaq efirdə müzakirə edək. Görək, bunun bir məntiqi, elmi əsası varmı? Polisləri də qınamıram. DİN-in mətbuat xidmətinin rəhbəri açıqlama verdi ki, qərarı Operativ Qərargah verir. DİN icraedici qurumdur, qərarları icra edir. Sadəcə olaraq, qərarda belə bir məqam var ki, polis əməkdaşı yaxınlaşıb vətəndaşdan tələb edirsə, vətəndaşın haqlı, üzrlü səbəbi varsa, ona cərimə yazılmamalıdır. Polis bunu edər. Mən polisləri dəvət edirəm ki, insanları bu məsələdə incitməsinlər. Operativ Qərargah bu qərarı dəyişməlidir. Bütün insanlar sosial şəbəkələrdə, efirlərdə buna haqlı olaraq etirazını bildirirlər. Elə bil ki, deyilən sözlər daşa-divara dəyir. "Park Bulvar"dakı sıxlığı hamı gördü, heç kim də maska geyinməmişdi. Amma heç kim də yoluxmadı. Çünki COVİD-19 artıq yoxdur".
Həkim bəzi ekspertlərin payızda virusun yenidən yayılacağı ilə bağlı dediklərinə də fikir bildirib: "Payızda olacaqsa, o zaman qərar verərik, yenə maska geyinərik. Hazırda buna ehtiyac yoxdur axı. İnsanlara niyə zülm edək ki. Sabah nə olacaqsa, qərarını sabah verərik də".
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova da mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini deyib: "Son günlərin statistikası yoluxma sayında əhəmiyyətli dərəcədə azalma göstərir. Dekabr ayının sonlarından başlayaraq, koronovirusa yoluxma hallarında azalma dinamikasının müşahidəsi bir sıra dövlətlərdə, o cümlədən də ölkəmizdə pandemiya ilə əlaqədar aparılan mübarizə tədbirlərində bir sıra yumşalmaların tətbiq edilməsi zəruriliyini ortaya qoyur və bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən tədbirlər görülərək ölkə ictimaiyyətinə bildirilib. Hazırda artıq respublikamıza giriş üçün PCR testinin mənfi nəticəsini təqdim edən sənəd zərurəti aradan qaldırılıb. ÜST rəsmisinin son həftəlik hesabatında da, koronovirusla yoluxma və ölüm hallarında dinamik azalma olması bildirilir. Bütün bu qeyd olunanlar, təbii ki, arzuolunandır, lakin bu xəstəliyin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemik vəziyyətdən endemik vəziyyətə keçdiyi bildirildiyi təqdirdə, bizi gözləyən təhlükələrin artıq geridə qalması ilə bağlı narahatlıqlara son qoyula bilər".