Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2022 20:30
Bir qrup alim xərçəng əleyhinə təbii komponenti bilavasitə sümük xərçəngi hüceyrələrinə yeritmək üçün xüsusi qişa hazırlayıb.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu texnologiya dərmanın xərçəng hüceyrələrini cəmi bir neçə gün ərzində məhv etməsinə imkan verib. Sarıkökün tərkibindəki kurkumin maddəsi xərçəng şişləri əleyhinə xüsusiyyətləri ilə məşhurdur. Amma alimlər kurkuminin bu xüsusiyyətini uzun illər irimiqyaslı tədqiqatlara tətbiq edə bilməyiblər, çünki maddə peroral qəbul olunarkən orqanizm tərəfindən xərçənglə mübarizə apara biləcək qədər mənimsənilmir. Amerika alimləri kurkuminin xərçəng hüceyrələrinə yeridilməsinin üsulunu tapıblar.
Bu üsul osteosarkoma hüceyrələrinin nümunəsində 100 faiz səmərəli olduğunu sübuta yetirib. Vaşinqton Universitetinin bir qrup alimi dərman üçün xüsusi kapsul və karkas işləyib hazırlayıb. Kapsulun və ya karkasın içində olan kurkumin orqanizmdə hərəkət edərkən öz xüsusiyyətlərini itirmir və yalnız şişlə təmas zamanı qişasından azad olur.
Karkas müəyyən qədər məsaməli kalsium fosfatdan 3D-printerdə çap edilib, kapsul isə piy molekullarından yaradılıb. Belə texnologiya konkret pasiyent üçün implantlar hazırlamağa, karkasın insan toxumasına inteqrasiyasını təmin etməyə imkan verir.
Sonra alimlər bu texnologiyanı osteosarkoma hüceyrələrində sınaqdan keçiriblər.
Müalicə xərçəng hüceyrələrinin inkişafını 11 gün ərzində 96 faiz yavaşıdıb, habelə sağlam sümük toxuması hüceyrələrinin inkişafına kömək edib. Kurkumin antioksidant və iltihab əleyhinə xüsusiyyətləri ilə bərabər, əmələgətirici osteogen xüsusiyyətlərə də malikdir. Testin sınaqları sümük xərçəngin terapiyasına, şiş kəsilib götürüləndən sonra sümük qüsurlarının bərpasına yeni imkanlar açır.
ABŞ-dan olan digər tədqiqatçılar qrupu isə kurkuminin qan dövranında hərəkət etməsi üçün onu suda həll etməyin üsulunu tapıb. Bu texnologiya da klinikadan əvvəlki tədqiqatlarda səmərəli olub.