Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2022 22:58
Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Əhmədoğlu "Azadlıq radiosu"nun Azərbaycan xidmətini tənqid edib.
O, bu barədə özünün feysbuk hesabında yazıb.
Ələsgər Əhmədoğlu paylaşımında sözügedən media qurumunun hazırladığı "Sərhəddəki ermənilər: "Türklər bura ayaq açsa, bizi nökər edəcəklər" başlıqlı materiala diqqət çəkib.
""Azadlıq radiosu"nun yutub səhifəsində 5 saat öncə radionun erməni xidmətinin bir matrealı tərcümə edilərək yerləşdirilib. Diqqətimi başlıq çəkdi: "Sərhəddəki ermənilər: "Türklər bura ayaq açsa, bizi nökər edəcəklər". Reportajı izlədim, kənd sakinlərini danışdıran jurnalist iki fərqli yanaşmanı göstərir.
Bir qrup "kəsinliklə türklərlə sərhəddi açmaq olmaz, təhlükəlidir"- tezisini mənimsəyib, digər bir qrup isə "düşmənçilik əbədi ola bilməz, sərhəd açılsa iqtisadi münasibətlər qurular və kənd əhalisi də faydalanar" tezisini önə çıxarıb.
Bu halda peşəkar media neytiral başlıq çıxarmalı idi. Amma "Azadlıq" birincilərin yanında yer alıb və onu önə çıxardığını görüb maraqlandım və videosujetin orjinal nüsxəsini ermənicə axtarıb, tapdım. Erməni xidməti məhz neytiral bir başlıq çıxarıb. "Sərhəddən sıfır məsafə. uşaq bağçası" (Սահմանից զրո հեռավորության վրա. Բագարան)
Doğrusu, "Azadlıq radiosu"nun Azərbaycan xidmətinin nəqsədini anlaya bilmədim. Orjinal təqdimatdan imtina edərək, süjetin içərisindəki marjinal fikirləri önə çıxarmaq və nifrət dilini yaşatmaq nədən zəruri hesab edilir?
Bu süjet "Azadlıq radiosu"nun erməni xidmətinin ilk əl işi deyil. Tez-tez erməni-türk, erməni-azərbaycanlı qarşıdurmasını davam etdirməkdə maraqlı olan, nifrət dilini yaşadan "məzlum erməni xalqının əzablarını ön plana çıxaran" süjetləri olur. Radionun Azərbaycan xidməti xüsusilə Ermənistan işğalından əziyyət çəkənləri önə çıxaran süjetlər hazırlamaqdan çox uzaq durur, Azərbaycan tərəfindən münasibətlərin gələcəyinə yönəlik reportajlar etmir, yalnız erməni xidmətinin "əl işini" bizim auditoriyaya servis edir və çox vaxt da belə ağresiv başlıqlar ataraq edir. Ola bilsin Azərbaycan xidmətinə özlərinin bu məsələdə orjinal süjetlər hazırlamasına icazə vermirlər. Bilmirəm! Hər halda bu xidmətdə yer alıb, peşəkar fəaliyyətini sürdürən jurnalistlər daha doğrusunu bilir. Amma diqətdə saxlanılmalı məsələdir və müşahidələrimi daha sıxlaşdıracağam".