Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ÜST: Avropa və Mərkəzi Asiya sakinlərinin üçdə iki hissəsi...

ÜST: Avropa və Mərkəzi Asiya sakinlərinin üçdə iki hissəsi...

Tarix: 4 May 2022 22:00

Avropa və Mərkəzi Asiya ölkələrində əhalinin piylənmə səviyyəsi epidemiya həddinə çatıb. Bu ölkələrdə yaşlıların üçdə iki hissəsi və uşaqların üçdə bir hissəsi artıq çəkidən əziyyət çəkir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni məruzəsində əks olunub. Məruzənin müəllifləri xəbərdarlıq edirlər ki, artıq çəki onkoloji xəstəliklərə, əlilliyə və vaxtsız ölümə səbəb ola bilər.

ÜST-nin Avropa region üzrə direktoru Hans Klüqe deyib: "Piylənmə problemi dövlət sərhədləri tanımır. Avropada və Mərkəzi Asiyada heç bir ölkə ÜST-nin infeksion xəstəliklərə qarşı mübarizədə piylənmə miqyasının azaldılmasını nəzərdə tutan qeyri-qlobal hədəf göstəricisinə təkbaşına nail ola bilməz". Klüqe vurğulayıb ki, regionda istisnasız olaraq bütün ölkələr piylənmə problemi ilə üzləşir.

Ölüm hallarının artması ilə nəticələnən ən ciddi amillər arasında hipertenziya, qeyri-düzgün qidalanma və tütün çəkməkdən sonra dördüncü yeri çəki artıqlığı və piylənmə tutur. Piylənmə ürək-damar xəstəlikləri, ikinci tip diabet və xərçəng də daxil olmaqla bir sıra qeyri-infeksion xəstəliklərlə assosiasiya doğurur. Xərçəng xəstəliyinin 12 növü piylənmə ilə bağlıdır.

Piylənmə yaxın onilliklərdə Avropa regionundakı bəzi ölkələrdə qarşısı alına biləcək onkoloji xəstəliklərə tutulma riskini müəyyən edən əsas amil kimi siqaret çəkməni əvəz edəcək.

Məruzədə qeyd edilir ki, piylənmə təkcə risk amili deyil, həm də ixtisaslaşdırılmış kompleks müalicəyə ehtiyacı olan xəstəlikdir. Avropada yaşlı insanlar arasında piylənmə dərəcəsi Amerika ölkələri müstəsna olmaqla ÜST-nin hər hansı başqa regionu ilə müqayisədə daha yuxarıdır. Dünyada hər il 1,3 milyondan çox ölüm faktı piylənmə və çəki artıqlığının nəticəsidir. Lakin, əslində, bu rəqəm daha yüksək ola bilər.

Avropa regionunda çəki artıqlığı və əhalinin piylənməsi epidemiya həddinə çatıb. Bu regionda kişilərin 63 faizi və qadınların 54 faizi çəki artıqlığından əziyyət çəkir. Piylənmə və çəki artıqlığı üzrə ən yüksək göstəricilər Aralıq dənizi bölgəsi və Şərqi Avropa ölkələrində müşahidə olunur. Çəki artıqlığından əziyyət çəkən insanlar arasında təhsil səviyyəsi aşağı olanlar çoxluq təşkil edir.

COVID-19 pandemiyası piylənmə problemini daha da kəskinləşdirib. Çəki artıqlığından əziyyət çəkən pasiyentlər koronavirus xəstəliyinə tutulandan sonra daha çox hallarda fəsadlarla üzləşir və ya həyatlarını itirir. Pandemiya dövründə insanlar əsasən oturaq həyat tərzi keçirdiklərinə görə, onlar piylənmə riski amillərinin təsirinə daha çox məruz qalırlar.

ÜST-də qeyd edirlər ki, piylənmə həyat tərzi ilə birbaşa bağlıdır. Məsələn, rəqəmsal mühit, o cümlədən qeyri-sağlam qida məhsullarının və içkilərin reklamı uşaq və yeniyetmələrin sağlamlığına mənfi təsir göstərir.

ÜST ekspertləri müəyyən ediblər ki, fərdi siyasət tədbirləri lazımınca səmərəli deyil. Bir ölkə və ya bütöv bir region səviyyəsində uğur qazanmaq üçün kompleks tədbirlər görülməsi zəruridir. Heç bir ölkə ayrılıqda bütün bu siyasət tədbirlərini həyata keçirməyə başlaya bilməz. Əvvəlcə iki-üç prioritet istiqamət seçmək, sonra isə qalan tədbirlərin həyata keçirilməsinə dair real plan qurmaq lazımdır.

Hazırda ÜST-nin Avropa regionunda qida məhsullarının uşaqlara yönəldilmiş reklamını məhdudlaşdırmaq, şəkərli içkilərə vergi tətbiq etmək və piylənməyə nəzarət tədbirlərinin təkmilləşdirilməsi mövzuları fəal müzakirə edilir.

Milli.Az


Etiketlər:  ÜST Avropa Mərkəzi Asiya sakinlərinin üçdə iki hissəsi


RƏYLƏR