Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 May 2022 19:18
Roman Abramoviç "Çelsi"nin gələcəyini sual altına qoyub.
Sonxeber.net-ın lent.az-a istinadla xəbərinə görə, əvvəllər klubun satışından əldə edilən bütün pulları Ukrayna müharibəsi qurbanlarına verəcəyini vəd edən rusiyalı oliqarx, deyəsən, fikrini dəyişib və vəsaiti özündə saxlamaq qərarına gəlib.
Britaniya hökuməti rusiyalının kluba verdiyi 1,5 milyard funt-sterlinqlik borcunu almaq cəhdlərindən xəbər tutub. Eyni zamanda, Roman Abramoviçin heç bir gəlir əldə etməyəcəyinə tam əmin olmasalar, ölkə rəhbərliyinin komandanın satılmasına imkan verməyəcəyi də göz qabağındadır.
Xatırladaq ki, rusiyalı oliqarxlara qarşı sanksiyalardan sonra futbol komandasının satışı ilə Abramoviçin təyin etdiyi "Raine Group" investisiya bankı məşğul olur. Aktivin kimə veriləcəyi ilə bağlı son sözü məhz bu struktur verəcək.
Ancaq Abramoviç fırıldaq etmək qərarına gəlib və indi o, maliyyə strukturundan 1,5 milyard funt sterlinq sövdələşmə tələb edir. Oliqarxın verdiyi məlumata görə, o, Fordstam Limited vasitəsilə "Çelsi"yə məhz bu qədər sərmayə qoyub.
Eyni zamanda, futbol klubunun fəaliyyət göstərməsi üçün dövlət lisenziyasının müddəti mayın 31-də başa çatır və həmin vaxta qədər komanda yeni sahibi əldə etməsə, fəaliyyətini dayandıra bilər.
Onu da qeyd edək ki, İngiltərə Premyer Liqası iyunun 8-də toplanaraq yeni mövsümün iştirakçılarını müəyyənləşdirəcək. Orada "Çelsi"yə yer olub-olmayacağı hələ məlum deyil.