Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda mitinqə çıxanları əsgər aparmaq təklif olundu

Ermənistanda mitinqə çıxanları əsgər aparmaq təklif olundu

Tarix: 7 May 2022 13:16

Ermənistanda iqtidar deputatları hökumətə qarşı mitinqlər təşkil edib baş nazir Nikol Paşinyanın istefasını tələb edənlərin hərbi qulluğa çağırılmasını təklif ediblər.

Milli.Az xəbər verir ki, AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bu təklif Ermənistan Milli Məclisinin sessiyasında səsləndirilib. Azatutyun yazır ki, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının növbədənkənar iclas keçirdiyi bir vaxtda, müxalifət Yerevanın küçələrində etiraz aksiyalarını davam etdirirdi.

Bu da xəbər verilir ki, müxalifət mayın 1-də etiraz mitinqlərinə başlayandan bəri polis yüzlərlə nümayişçini saxlayıb. Müxalifətin vətəndaş itaətsizliyi adlandırdığı bu aksiyalarda iştirak edənlərin əksəriyyəti gənclərdir. Əslində polis saxlananların demək olar hamısını qısa söhbətdən sonra sərbəst buraxıb. Buna baxmayaraq müxalifət etiraz yürüşlərini davam etdirmək əzmindədir. Parlamentin müdafiə və təhlükəsizlik komssiyasının sədri Andranik Koçaryan deyib ki, etiraz aksiyalarına çıxanların bir çoxu hərbi xidmətdən və ya rezervistlərin dövri toplanışlarından yayınanlardır: "Əgər müxalifətin siyasi məqsədi Ermənistan və Qarabağın təhlükəsizliyinin təmin olunmasıdırsa, biz saxlananların arasında əsl vətənpərvərləri, ordu xidmətinə borclarını vermiş əsl Ermənistan vətəndaşlarını görməliydik. Mən polisi və Ermənistanın Milli Təhlkəsizlik Xidmətini bu vətəndaşların şəxsi məlumatlarını toplayıb Müdafiə Nazirliyinə verməsini təklif edirəm".

Azatutyun yazır ki, bu ideyanı başqa iqtidaryönlü deputatlar, hüquq-mühafizə orqanlarının iclasda iştirak edən nümayəndələri də dəstəkləyiblər.

Hərbi polisin rəisi Aşot Zakaryan deyib: "Bizim vətənpərvər ruhda olan gənclərimizin Ermənistanın və Qarabağ sərhədlərinin mühafizəsində iştirakı pis olmazdı". Ermənistan polisi rəisinin müavini Artur Martirosyansa bildirib ki, polis etirazçıların şəxsi məlumatlarını Müdafiə Nazirliyinə təqdim etməyə hazırdır. Azatutyun yazır ki, Andranik Koçaryanın bu təklifi Ermənistanın insan haqları müdafiəçiləri tərəfindən kəskin tənqid olunub. Onlardan biri, fəal Artur Sakunts deyib ki, polisin belə məlumatları başqa dövlət orqanlarına vermək səlahiyyəti yoxdur. Başqa bir insan haqları müdafiəçisi - Nina Karapetyan isə bildirib: "Bunlar hətta ordu xidmətindən yayınanlar olsa belə onların aksiyalarda ovlanıb saxlanması düzgün deyil. Bu, əcinnə ovuna bənzəyir".

Müxalifət liderləri də iqtidaryönlü deputatların təklifini tənqid ediblər. Etiraz aksiyalarının liderlərindən biri, Daşnaksutyun partiyasının nümayəndəsi İşxan Saqatelyan təklifi "alçaqlıq" adlandırıb: "Bugünlərdə bu tribunadan ayaqları olmayan iki veteran çıxış edib". Saqatelyan onların ayaqlarını 2020-ci ildə Dağlıq Qarabağda itiridiklərini xatırladıb. Müxalifətçi iddia edib ki, Yerevanın müxtəlif rayonlarında saxlanmış etirazçıların ən azı 40 nəfəri müharibə veteranıdır. Ermənistanda aprelin sonlarından fasiləsiz etirazlara başlayan müxalifət baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Onlar Paşinyanı Qarabağı Azərbaycana "təhvil verməkldə" ittiham edirlər. İqtidar bildirir ki, müxalifətin etiraz aksiyaları Ermənistan əhalisinin əksəriyyəti tərəfindən dəstəklənmir.

Milli.Az


Etiketlər:  Ermənistanda mitinqə çıxanları əsgər aparmaq təklif olundu


RƏYLƏR