Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2022 08:54
Azərbaycan Respublikasının Pakistandandakı səfirliyi İslamabadda yerləşən "Marriott" mehmanxanasında ölkəmizin "28 May - Müstəqillik Günü"nə həsr olunmuş rəsmi qəbul keçirib.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən xəbərə görə, Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasinin əsas qonaq qismində təşrif buyurduğu qəbulda, bu ölkənin Dövlətlər və Sərhəd Regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud, Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, bu ölkənin Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.
Azərbaycan və Pakistan himnlərinin səsləndirilməsindən sonra səfir Xəzər Fərhadov çıxış edərək 104-cü ildönümü qeyd olunan Azərbaycan Demokratik Respublikasının (ADR ) keçdiyi müstəqillik yolu haqqında danışıb.
Səfir ADR-nin 1918-ci il mayın 28-də yaradıldığını bildirib və müsəlman Şərqində ilk demokratik dünyəvi respublika olduğunu diqqətə çatdırıb.
X.Fərhadov ADR dövründə demokratik hüquq və azadlıqların bərqərar olduğunu, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlarının tanındığını vurğulayaraq o dövrdə hətta bir çox Avropa ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verildiyini qeyd edib.
Azərbaycan dilinin dövlət dili elan edildiyini, təhsilin inkişafına xüsusi diqqət yetirildiyini ifadə edib.
Səfir 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan xalqı ADR-nin ənənələri əsasında müstəqil Azərbaycan Respublikası qurduğunu və bərpa edilmiş müstəqilliyin möhkəmləndirilməsi istiqamətində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyətinin inkişafı prosesi uğurla davam etdirildiyini bildirən X.Fərhadov bu uğurların Azərbaycan xalqının həyatının bütün sahələrində öz əksini tapdığını qeyd edib.
Vətən müharibəsindən söhbət açan səfir 2020-ci ildə məhz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı erməni işğalından azad etdiyini vurğulayıb.
Azərbaycan - Pakistan münasibətlərinə də toxunan səfir 9 iyun 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu bildirib və bu əlamətdar günün silsilə tədbirlərlə qeyd olunacağını diqqətə çatdırıb.
X.Fərhadov həmçinin, iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib və nümunə olaraq artıq cari ilin mart ayından etibarən Lahor və Karaçi şəhərlərindən Bakıya birbaşa reyslərə start verildiyini, iyun ayından isə İslamabaddan ölkəmizin paytaxtına da birbaşa uçuşlara başlayacağını, eləcə də Hökumətlərarası Birgə Komissiyanın tərkibində fəaliyyət göstərən işçi qruplarının sayının 10-a çatmasını vurğulayıb.
Tədbirin ali qonağı Pakistanın Parlament İşləri üzrə federal naziri Murtaza Caved Abbasi öz çıxışında ilk öncə ölkəmizin Müstəqillik Günü münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik edib. Azərbaycan və Pakistan münasibətlərindən danışan federal nazir Azərbaycanın Pakistan xalqının ürəyində xüsusi yerə sahib olduğunu bildirib və Azərbaycanı qardaş ölkə kimi qəbul etdiklərini ifadə edib.
Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edən nazir bu ölkənin keçmiş Dağlıq Qarabağ münaqişəsi, eləcə də Vətən müharibəsi dövründə qardaş Azərbaycanı dəstəklədiyini söyləyib. 44 günlük vətən müharibəsindən söz açan Murtaza Caved Abbasi, Azərbaycanın öz əzəli torpaqlarını 2020-ci ildə işğaldan azad etdiyini vurğulayıb və bu münasibətlə də Pakistanın qardaş Azərbaycanı təbrik etdiyini diqqətə çatdırıb.
Pakistan üçün qardaş Azərbaycanın vacib ölkə olduğunu ifadə edən nazir ölkələrimiz arasındakı bütün sahələr üzrə, xüsusilə iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Sonda "28 May - Müstəqillik Günü"nün 104-cü ildönümü münasibətilə hazırlanmış rəmzi tort kəsilib və xatirə şəkilləri çəkilib.
Tədbirdə ölkəmizin tarixini, mədəniyyətini, turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi keçirilib.
Həmçinin, ölkəmizlə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.